Abbas Əraqçi: Abbas Əraqçi bildirib ki, Andriy Sıbiha onu əmin edib ki, İran gəmisinə hücum qəsdən törədilməyib və Ukrayna gərginliyin eskalasiyasında maraqlı deyil. Onun sözlərinə görə, İran da eskalasiyaya can atmır, lakin dəyən zərər mütləq ödənilməlidir
Ukraynanın xarici işlər naziri Andriy Sıbiha məni əmin etdi ki, İran gəmisinə hücum qəsdən törədilməyib və Ukrayna eskalasiyaya can atmır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında yazıb.
Əraqçinin sözlərinə görə, İran da gərginliyin artmasında maraqlı deyil.
O bildirib: “Bununla belə, açıq şəkildə bəyan etdik ki, vətəndaşlarımıza və ya maraqlarımıza qarşı istənilən hücum qəbuledilməzdir. Dəyən zərər mütləq kompensasiya olunmalıdır.”
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sıbiha iranlı həmkarı Abbas Əraqçi ilə səmimi telefon danışığı apardığını açıqlayıb. O, söhbət zamanı iki ölkə arasında “lazımsız eskalasiyanın” qarşısının alınmasının vacibliyini vurğuladığını bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Xəzər dənizində gəmiyə zərbə endirib. Ukrayna tərəfinin məlumatına görə, pilotsuz uçuş aparatları hərbi yük daşıyan iki Rusiya gəmisini hədəfə alıb. Kiyevin iddiasına əsasən, hər iki gəmi İrandan Rusiyanın limanlarından birinə doğru hərəkət edirdi. İran isə hücumun dəmir yükü daşıyan kommersiya gəmisinə qarşı həyata keçirildiyini bildirir. Hadisə nəticəsində bir dənizçi həlak olub, üç nəfər isə yaralanıb.