83-cü Venesiya Beynəlxalq Film Festivalı rəsmi olaraq açılıb. Festival çərçivəsində sentyabrın 9-da rejissor Levan Koqlaşvilinin “Quriya” filminin dünya premyerası keçiriləcək
83-cü Venesiya Beynəlxalq Film Festivalı rəsmi olaraq açılıb. Festivalın “Venice Spotlight” bölməsində sentyabrın 9-da rejissor Levan Koqlaşvilinin “Quriya” filminin dünya premyerası keçiriləcək. Bu barədə Gürcüstan Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bu il sözügedən bölmə üçün cəmi səkkiz film seçilib.
Milli Kino Mərkəzinin proqramlar direktoru Levan Dvalinin sözlərinə görə, filmin premyera nümayişi ilə yanaşı, mətbuat üçün xüsusi nümayiş və filmin, eləcə də Gürcüstanın tanıdılmasına yönəlmiş tədbirlər də keçiriləcək. Bu tədbirlər dövlətin dəstəyi ilə təşkil olunur.
“83-cü Venesiya Film Festivalı gürcü kinosu üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, məhz burada Levan Koqlaşvilinin yeni filmi – “Quriya”nın dünya premyerası keçiriləcək. Premyera nümayişi ilə yanaşı, gürcü qəbulu, mətbuat üçün xüsusi nümayiş və filmin, eləcə də ölkənin tanıdılmasına yönəlmiş tədbirlər planlaşdırılıb.
Xarici kino tənqidçilərinin filmə münasibəti ilə bağlı böyük gözləntilərimiz var. Çünki dünyanın aparıcı nəşrlərində film haqqında artıq bir neçə dəfə məlumat dərc olunub. Bundan əlavə, Fransanın böyük şirkətlərindən biri filmin beynəlxalq satışlarını həyata keçirməyi öz üzərinə götürüb.
Düşünürük ki, Levan Koqlaşvilinin filmi kifayət qədər yaxşı qarşılanacaq. Çünki əminliklə demək olar ki, “Quriya” gürcü kinosunun ənənələrini layiqincə davam etdirir”, – deyə Milli Kino Mərkəzinin proqramlar direktoru Levan Dvali bildirib.
Film Gürcüstan Mədəniyyət Nazirliyinin, Milli Kino Mərkəzinin, “Creative Georgia”nın, İctimai Yayımçının və “Film in Georgia” dövlət proqramının dəstəyi ilə ərsəyə gəlib.
“Quriya” yeddi ölkənin – Gürcüstan, İsveçrə, Lüksemburq, Bolqarıstan, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanının birgə istehsalıdır. Filmin ssenari müəllifləri Boris Frumin, Levan Koqlaşvili və Giorgi Kekelidzedir.
Qeyd edək ki, Gürcüstan Milli Kino Mərkəzi Levan Koqlaşvilinin “Quriya” filmini Amerika Kino Akademiyasının “Oskar” mükafatının “Beynəlxalq tammetrajlı film” nominasiyasında Gürcüstanın namizədi kimi təqdim edəcək.