Seçicilər Kollegiyasının 300 üzvü dekabrın 14-də Gürcüstanın yeni prezidentini seçəcək
Seçicilər Kollegiyasının 300 üzvü dekabrın 14-də Gürcüstanın yeni prezidentini seçəcək

 
Parlament bugünkü plenar iclasda Gürcüstan Prezidentinin seçiləcəyi tarixi təsdiqləyib. Parlamentin sədri Şalva Papuaşvili məsələni bu gün parlamentə təqdim edib.

Parlamentin 85 üzvü səsvermə üçün qeydiyyatdan keçib. 80 lehinə, 0 əleyhinə səslə deputatlar seçkilərin dekabrın 14-də keçirilməsini dəstəklədilər.

Bununla yanaşı, yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

Konstitusiya ilə müəyyən edilən prezidentin seçilməsinin yeni qaydasına əsasən, prezident artıq birbaşa qaydada, yəni ümumxalq seçkiləri yolu ilə seçilməyəcək və parlament prezidenti seçmək səlahiyyətinə malik olacaq. Xüsusilə, Seçicilər Kollegiyası Gürcüstan Prezidentini debatlar olmadan, açıq səsvermə yolu ilə beş il müddətinə seçəcək. Mərkəzi Seçki Komissiyası Seçicilər Kollegiyasını təsdiq edəcək. Kollegiya 300 üzvdən, o cümlədən parlamentin 150 üzvündən, Abxaziya Muxtar Respublikasının Ali Şurasının 20 üzvündən, Acaranın Ali Şurasının 21 üzvündən və 2021-2022-ci illərdə partiyalar tərəfindən alınan dəstək nisbətinə müvafiq olaraq özünüidarəetmə qurumlarının nümayəndələrindən (109 üzv) ibarət olacaq. Bununla yanaşı, Seçicilər Kollegiyasının ən azı 30 üzvü prezidentliyə namizəd irəli sürmək hüququna malik olacaq. Seçicilər Kollegiyasının bir üzvü yalnız bir namizədin irəli sürülməsini dəstəkləyə bilər. Seçicilər Kollegiyasının tam tərkibinin üçdə ikisinin səsini toplayan namizəd seçkilərin birinci turunda seçilmiş hesab ediləcək. Namizəd qeyd olunan göstəriciyi toplaya bilmədikdə, sadə səs çoxluğu ilə seçimin ediləcəyi ikinci səsvermə keçiriləcək. Prezidentliyə namizədin yaş həddinə gəlincə, konstitusiyaya əsasən, 40 yaşından yuxarı ölkədə azı 15 il yaşamış Gürcüstan vətəndaşı prezident seçilə bilər.

Salome Zurabişvili 2018-ci ilin noyabrın 28-də Gürcüstanın beşinci prezidenti seçilib, dekabrın 16-da isə andiçmə mərasimi keçirilib.