2028–2029-cu tədris ilində dövlət universitetlərində tələbə qəbulu kvotaları iki dəfə artırılacaq
Gürcüstan hökumətinin qərarına əsasən, 2028–2029-cu tədris ilində dövlət universitetlərində tələbə qəbulu kvotaları iki dəfə artırılacaq. Bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.
Qeyd olunub ki, buna səbəb XI və XII sinif şagirdlərinin məktəbi eyni vaxtda bitirəcək olmalarıdır.
Nazirliyin məlumatına görə, 2028–2029-cu tədris ili üçün dövlət universitetlərində magistratura proqramlarına qəbul ediləcək tələbələrin sayı da artırılacaq.
“Dəyişiklik magistratura pilləsinə də şamil olunacaq – bakalavr proqramlarının əksəriyyəti 3 illik təhsil modelinə keçdiyi üçün 2027–2028-ci tədris ilində həm 2024, həm də 2025-ci ildə qəbul olunmuş tələbələrin böyük hissəsi bakalavr təhsilini başa vuracaq. Nəticədə, 2028–2029-cu tədris ili üçün magistratura proqramlarına qəbul ediləcək tələbələrin sayı da artırılacaq.
Xatırladaq ki, islahat çərçivəsində ümumi təhsil pilləsinin müddəti dəyişir. Orta təhsil pilləsi X–XI sinifləri əhatə edəcək. XII sinif isə seçmə olacaq və istəyənlər əvvəlcədən qeydiyyat əsasında təhsillərini XII sinifdə davam etdirə biləcəklər.
XI sinif şagirdləri üçün məktəblərdə təşkil olunmuş repetitor proqramı təmin ediləcək ki, bu da onlara milli imtahanlara daha yaxşı hazırlaşmaq imkanı verəcək. Bu yenilik hazırda IX sinifdə təhsil alan şagirdlərə şamil olunacaq”, – deyə nazirliyin məlumatında bildirilir.