2027-ci ilin büdcəsində səhiyyə və sosial xərclər milyard laridən çox artırılıb və ümumilikdə 11 milyard 210 milyon lari təşkil edir
Gürcüstanın maliyyə naziri Laşa Xutsişvilinin bəyanatına əsasən, 2027-ci ilin icmal büdcəsində səhiyyə və sosial xərclər bir milyard laridən çox artırılıb və ümumilikdə 11 milyard 210 milyon lari təşkil edir. Nazir bu barədə parlamentdə 2027-ci ilin büdcə layihəsinin təqdimatı zamanı danışıb.
Artım əsasən aşağıdakı proqramlarla bağlıdır: Əhalinin pensiya təminatı xərci 685 milyon lari artırılıb və 5 milyard 700 milyon lari təşkil edir. Artım qanunvericiliyə uyğun olaraq pensiyaların indeksasiyası ilə əlaqədardır.
Xüsusilə, qüvvədə olan indeksasiya düsturuna əsasən, 70 və daha yuxarı yaşda olan ümumilikdə 500 mindən çox pensiyaçının pensiyası 60 lari artırılır və 555 lari müəyyənləşdirilir. Həmçinin bu kateqoriyadan olan 50 mindən çox şəxs üçün dağlıq yaşayış məntəqələrində 20%-lik əlavə nəzərdə tutulub.
70 yaşadək olan 440 min benefisiarın pensiyası 45 lari artırılır və 415 lari təşkil edir.
Dağlıq yaşayış məntəqələrində yaşayan 36 min benefisiar üçün 20%-lik əlavə nəzərdə tutulub.
İndeksləşdirməyə (indeksasiya) və pensiyaların artımına uyğun olaraq, 130 mindən çox məhdud imkanlı şəxsin sosial paketi artırılır, bunun üçün əlavə 81 milyon lari ayrılıb və ümumilikdə 640 milyon lari təşkil edir.
Səhiyyə proqramlarının maliyyələşdirilməsi 244 milyon lari artırılıb və 2 milyard 445 milyon larini ötüb. O cümlədən hər il 790 mindən çox benefisiara xidmət göstərən ümumi səhiyyə proqramının maliyyələşdirilməsi 1 milyard 634 milyon lari təşkil edir. Ayrılan vəsait çərçivəsində, digər ehtiyaclarla yanaşı, təcili yardım personalının, kənd həkimlərinin və tibb bacılarının əməkhaqlarının artırılması nəzərdə tutulub.
Sosial reabilitasiya və uşaqlara qayğı proqramı 34 milyon laridən çox artırılıb və 159 milyon lari təşkil edir.
Dağlıq yaşayış məntəqələri üçün müəyyən edilmiş əlavələrə 147 milyon laridən çox vəsait ayrılıb. Ümumilikdə, müxtəlif əlavələrdən 175 mindən çox benefisiar faydalanır.
Yığım pensiya sxeminin müştərək maliyyələşdirilməsinə ayrılan vəsait növbəti ildə 60 milyon lari artırılır. 2027-ci ildə 850 min benefisiar üçün büdcədən edilən ödəniş 600 milyon lari olacaq.