2027-ci ildən vahid milli imtahanlarda italyan dilindən də imtahan vermək mümkün olacaq
2027-ci ildən vahid milli imtahanlarda italyan dilindən də imtahan vermək mümkün olacaq. Bu barədə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin yaydığı məlumatda deyilir.
Bu vaxta qədər abituriyentlər akademik proqramlara qəbul olmaq üçün ingilis, alman, fransız və rus dillərindən xarici dil imtahanı vermək imkanına malik idilər.
“Gürcüstanın təhsil, elm və gənclik nazirinin qərarına əsasən, italyan dili də xarici dillər siyahısına əlavə olunacaq və 2027-ci ilin vahid milli imtahanlarında abituriyentlərin italyan dilində də xarici dil imtahanı vermək imkanı olacaq.
Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi 2023-cü ildən müəllimlər üçün italyan dilində imtahan keçirir. Məhz bu təcrübəni və məktəblərdə italyan dilinin tədrisi təcrübəsini nəzərə alaraq, 2027-ci ildən italyan dili vahid milli imtahanların xarici dillər siyahısına daxil ediləcək.
Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin mütəxəssisləri vahid milli imtahanlar üçün italyan dilinin test tapşırıqları üzərində işləyəcəklər.
İmtahan toplusu və proqram Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin veb saytında dərc olunacaq” – Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin yayılmış məlumatında deyilir.