2026-cı il üzrə vahid milli və ümumi magistratura imtahanları üçün qeydiyyat 6 aprel saat 10:00-da başlayacaq. Məlumatı Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi yayıb.
Abituriyentlər və magistraturaya namizədlər qeydiyyatdan elektron şəkildə, Qiymətləndirmə və İmtahanların Milli Mərkəzi-nin rəsmi saytında 11 may saat 18:00-dək keçə biləcəklər.
Bu il abituriyentlər istədikləri sayda ali təhsil proqramları ilə yanaşı, peşə təhsili proqramlarını da seçə biləcəklər. Dövlət universitetlərində bakalavr və magistratura səviyyəsində, eləcə də peşə təhsili müəssisələrində təhsil alan tələbələr pulsuz oxuyacaqlar.
Qeydiyyatın tamamlanması üçün abituriyentlər 6 aprel saat 10:00-dan 6 may saat 18:00-dək ən azı bir imtahan fənninin ödənişini etməlidirlər. Bundan sonra onlar 11 may saat 18:00-dək digər fənləri əlavə edə, imtahan şəhərini və təhsil proqramlarını seçə və ya dəyişə bilərlər.
Təhsil proqramlarının əlavə edilməsi, silinməsi və ya dəyişdirilməsi apellyasiya nəticələrinin elan olunmasından sonrakı gün saat 18:00-dək mümkün olacaq.
Qiymətləndirmə və İmtahanların Milli Mərkəzi qeydiyyat başlamazdan əvvəl “Abituriyentlər üçün bələdçi”ni dərc edəcək. Bu sənəddə imtahanlarla bağlı bütün vacib məlumatlar, o cümlədən proqramların siyahısı, qeydiyyat qaydaları, prosedurlar və mərhələlər yer alacaq.
Ətraflı məlumatı Mərkəzin rəsmi vebsaytı və sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.