2026–2027-ci tədris ilinin payız semestri üzrə tələbələrin mobillik nəticələri açıqlanıb. Tələbələrin qəbul və xaric edilmə prosedurları sentyabrın 22-dən oktyabrın 7-dək həyata keçiriləcək
Tələbə mobillik nəticəsini elektron mobillik portalında – students.emis.ge saytındakı şəxsi qeydiyyat səhifəsində görə bilər. Bu barədə Təhsilin İdarəetmə İnformasiya Sistemi məlumat yayıb.
Məlumata görə, mobillik qaydaları əsasında ali təhsil müəssisəsinə qəbul hüququ qazanan tələbə dərhal qəbul edən ali təhsil müəssisəsinə yazılı ərizə ilə müraciət etməli və qeydiyyat üçün müəyyən edilmiş müvafiq prosedurlardan keçməlidir. Bu proses çərçivəsində tələbə şəxsi işinin surətlərini də təqdim etməlidir. Yekun qəbul isə qəbul edən ali təhsil müəssisəsinin müvafiq əmr verməsi əsasında həyata keçirilir.
Qəbul edən ali təhsil müəssisəsi təqdim olunan sənədlər əsasında tanınan kreditlərin sayını müəyyənləşdirir. Tələbənin kreditlərin tanınması ilə bağlı qərarla tanış olmaq və yazılı şəkildə razılığını və ya imtinasını bildirmək hüququ var. İmtina etdiyi halda, tələbə mobillik qaydasında qəbul haqqında əmr verilənədək qəbul edən ali təhsil müəssisəsinə yazılı ərizə ilə müraciət etməlidir.
Tələbə, həmçinin, seçdiyi konkret təhsil proqramı üzrə müəyyən edilmiş əlavə tələbləri nəzərə almalıdır. Buraya, zərurət olduqda, imtahan, müsahibə, yaradıcılıq turu və ya digər müsabiqələrdə iştirak da daxildir. Müvafiq tələblər elektron mobillik portalında proqram haqqında məlumatların “Qeyd” bölməsində göstərilib.
2026–2027-ci tədris ilinin payız semestri üzrə mobillik çərçivəsində, sentyabrın 11-dən 21-dək qəbul edən ali təhsil müəssisələri mobillik qaydasında qəbul ediləcək şəxslərlə bağlı hüquqi aktların layihələrini Təhsilin İdarəetmə İnformasiya Sisteminə elektron şəkildə təqdim edəcəklər. Tələbələrin mobillik qaydasında qəbul və xaric edilmə prosedurları isə sentyabrın 22-dən oktyabrın 7-dək həyata keçiriləcək.
Əlavə məlumat almaq üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə və ya Təhsilin İdarəetmə İnformasiya Sisteminin qaynar xətti ilə əlaqə saxlaya bilərlər: (+995 32) 2 200 220.