2025-ci ilin noyabrın 1-dək Tbilisidə taksi xidmətini icazəsiz və ya şərtləri pozmaqla göstərən bütün şəxslər tətbiq olunan cərimə və rüsumlardan azad ediləcəklər
2025-ci ilin noyabrın 1-dək Tbilisidə taksi xidmətini icazəsiz və ya şərtləri pozmaqla göstərən bütün şəxslər tətbiq olunan cərimə və rüsumlardan azad ediləcəklər

 

2025-ci ilin noyabrın 1-dək taksi xidmətini icazəsiz və ya icazə şərtlərini pozmaqla göstərən şəxslər tətbiq olunan cərimələrdən azad ediləcəklər – bu haqda Tbilisinin meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında deyib.

O, taksi islahatının nəqliyyat siyasətində uğurlu qərarlardan biri hesab edildiyini bildirib.

“Taksi islahatını bir neçə mərhələdə həyata keçirdik: yüngül avtomobillə – taksi ilə (M1 kateqoriya) daşıma üçün icazə tətbiq olundu; A kateqoriyalı taksinin rəng standartı müəyyən edildi; sağ sükanlı avtomobillə sərnişin daşımaq qadağan edildi; taksi xidməti prosesini sadələşdirmək məqsədilə mobil tətbiqlər tətbiq olundu; taksi nişanının istifadəsi zəruri edildi və s. Sonda edilən dəyişikliklərlə icazələrin verilməsi də dayandırıldı və qüvvədə yalnız artıq alınmış icazələr qaldı. Qeyd olunan qərarla, praktiki olaraq, hər bir icazə sahibinə böyük iqtisadi aktiv yarandı və o, bu aktivi artıq istədiyi kimi istifadə edə bilər” – Kaxa Kaladze bildirib.

Paytaxt merinin izahatına əsasən, dəyişikliklərin tam şəkildə tətbiqi, o cümlədən taksi sürücülərinin tənzimləmələrə uyğunlaşdırılması müəyyən vaxt və enerji tələb edirdi.

“Bütün bu proses ərzində, əlbəttə, bu sahə ilə maraqlanan hər bir şəxslə aktiv və birbaşa ünsiyyət aparıldı. Onlarla görüşlər keçirildi, fikir mübadiləsi aparıldı və demək olar ki, proses tərəflərin maksimum iştirakı ilə aparıldı. Bu proseslərdə sərnişinlərin icazə olmadan və ya icazə şərtləri pozulmaqla taksi ilə daşınması halları var idi. Bu səbəbdən qeyd olunan qərarı qəbul etdik” – Tbilisinin meri bildirib.

Kaladze əhaliyə izah edib ki, 2025-ci ilin noyabrın 1-dən sonra törədilən qanun pozuntularına qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirləri artıq bütün sərtliyi ilə tətbiq olunacaq.

“Əhaliyə müraciət edirəm, yuxarıda qeyd olunan məsələləri nəzərə alsınlar. Ümid edirəm ki, hamımız qanunla müəyyən edilmiş qaydalar çərçivəsində hərəkət edəcəyik. Bu qanunvericilik düzəlişlərini parlamentə təqdim edəcəyik. Buradaca, parlamentin nümayəndələrindən xahiş etmək istərdim ki, bu qanunvericilik dəyişikliklərində bizi dəstəkləsinlər, çünki qeyd olunan məsələlər paytaxt üçün prioritet və vacibdir. Həmçinin, hesab edirik ki, dəyişikliklər pozuntuların azaldılması baxımından effektiv preventiv xarakter də daşıyacaq” – Kaxa Kaladze qeyd edib.