2025-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsində 18 ölkə iştirak edəcək
2025-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsində 18 ölkə iştirak edəcək

 

Avropa Yayım Birliyi (EBU) və Gürcüstanın İctimai Yayımçısı (GPB) 2025-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsində 18 ölkənin iştirak edəcəyini təsdiqləyirlər. Müsabiqə dekabrın 13-də Tbilisidə keçiriləcək. Məlumat Uşaq Avroviziya Mahnı Müsabiqəsinin rəsmi veb-səhifəsində dərc olunub.

9 yaşdan 14 yaşadək gənc ifaçılar öz yaradıcılıq və musiqi ilə birlik hisslərini milyonlarla tamaşaçı ilə bölüşmək üçün Gürcüstanın paytaxtına toplaşacaqlar. Avropanın ən böyük uşaq musiqi şousunda iştirak edəcəklər:

RTSH (Albaniya)

AMPTV (Ermənistan)

Ictimai (Azərbaycan)

HRT (Xorvatiya)

CyBC (Kipr)

France Télévisions (Fransa)

İctimai Yayımçı (Gürcüstan)

TG4 (İrlandiya)

Rai (İtaliya)

PBS (Malta)

RTCG (Monteneqro)

AVROTROS (Niderland)

MKRTV (Şimali Makedoniya)

TVP (Polşa)

RTP (Portuqaliya)

SMRTV (San Marino)

RTVE (İspaniya)

Suspilne (Ukrayna)

2025-ci ildə müsabiqəyə 3 ölkə qayıtdı. Monteneqro sonuncu dəfə 2015-ci ildə, Xorvatiya isə 2014-cü ildə iştirak etmişdi. 2021-ci ildən sonra həmçinin Azərbaycan ilk dəfə müsabiqədə iştirak edəcək.

Səhnə

Gürcüstanın İctimai Yayımçısı həmçinin 2025-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsinin səhnə dizaynını təqdim edib. Səhnə Gürcüstanın mədəni irsindən dərin ilham alır. Onun mərkəzində ənənəvi gürcü xalq zərb aləti olan – nağara yerləşir.

Mərkəzi səhnənin ətrafında ölkənin heyranedici dağ mənzərələrindən, Gürcüstan ərazisinə səpələnmiş qalalarından və qüllələrdən ilham alınmış heykəltəraşlıq formaları ucaldılıb.

Vizual kimlik

Səhnə ilə birlikdə, həmçinin 2025-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsinin tematik vizual kimliyi və “Musiqi bizi birləşdirir” şüarı təqdim olunub.

Uşaq Avroviziya Mahnı Müsabiqəsinin direktoru Martin Qrin möhtəşəm səhnə və əsərlərin hazırlanmasına görə Gürcüstanın İctimai Yayımçısına təşəkkür edir.

“Biz 18 istedadlı gənc ifaçının və onların nümayəndə heyətinin Tbilisiyə gəlməsinə şadıq. Uşaq Avroviziya Mahnı Müsabiqəsi gənc yaradıcılığın və mədəni müxtəlifliyin unikal nümayişidir və hər il bizə Avropanın gələcək nəslinin sonsuz enerjisini və təxəyyülünü xatırladır. Gürcüstanın İctimai Yayımçısına onların unudulmaz tədbir üçün möhtəşəm səhnə və əsərlər hazırlamaq istiqamətində göstərdikləri fədakarlıq və yaradıcılıq üçün təşəkkür edirik. Dekabrda bu sehrli təcrübəni dünya ilə bölüşməyi səbirsizliklə gözləyirik” – Martin Qrin bildirib.

2025-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsinin icraçı prodüseri Natia Mşvenieradzenin bəyanatına əsasən, builki şou aylar ərzində edilən fədakarlığın, yaradıcılığın və komanda işinin nəticəsi olacaq.

Qeyd etmək lazımdır ki, Tbilisi artıq ikinci dəfədir müsabiqəyə ev sahibliyi edir. Xatırladaq ki, Gürcüstan Uşaq Avroviziya Mahnı Müsabiqəsi tarixində dörd dəfə qalib olan ən uğurlu ölkədir:

2008 – Bzikebi, “Bzz…” mahnısı ilə

2011 – “Candy”, “Candy Music” mahnısı ilə

2016 – Mariam Mamadaşvili, “Ey Günəş” mahnısı ilə

2024 – Andria Putkaradze, “Anaya” mahnısı ilə

2025-ci ilin Uşaq Avroviziya Mahnı Müsabiqəsi şənbə günü, dekabrın 13-də saat 20:00-da Tbilisi Olimpiya Sarayında keçiriləcək. Tədbirin ev sahibi olan İctimai Yayımçı birbaşa translasiyanı sizlərə təqdim edəcək.