2012-ci ildən sonra ilk dəfə olaraq Dəməşqdə ABŞ səfirinin iqamətgahı üzərində Amerika Birləşmiş Ştatlarının bayrağı qaldırılıb
2012-ci ildən sonra ilk dəfə olaraq Dəməşqdə ABŞ səfirinin iqamətgahı üzərində Amerika Birləşmiş Ştatlarının bayrağı qaldırılıb

 

ABŞ-nin Suriyada xüsusi nümayəndəsi Tomas Barak, 2012-ci ildə səfirliyin bağlanmasından sonra ilk dəfə olaraq Dəməşqdə ABŞ səfirinin iqamətgahı üzərində Amerika Birləşmiş Ştatlarının bayrağını qaldırıb. Bu barədə məlumatı “Reuters” yayır.

Bu hadisədən iki həftə əvvəl Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp ilə Suriya Prezidenti Ahmed al-Şaraa arasında görüş baş tutmuş və Tramp administrasiyası tərəfindən Suriyaya qarşı tətbiq olunan sanksiyalar yüngülləşdirilmişdi.

ABŞ Bəşər Əsədə qarşı başlanan etiraz aksiyaları və silahlı münaqişənin başlanmasından bir il sonra 2012-ci ildə Dəməşqdəki səfirliyini bağladı. ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak mayın 23-də ABŞ-nin Suriyada xüsusi nümayəndəsi kimi təyin olunub. O, Suriyada ilk rəsmi səfərindədir.

Məlumat üçün bildirək ki, üsyançılar al-Şaraanın islamçı qrupu “Heyət Təhrir əl-Şam”ın rəhbərliyi ilə Bəşər Əsədin rejimini 2024-cü ilin dekabrında devirdilər.