18 metrlik avtobusların növbəti axını sentyabrın 27-dən etibarən müxtəlif marşrutlar üzrə mərhələli şəkildə paylanacaq
Paytaxtda MAN markalı 18 metrlik avtobusların növbəti axınının təqdimatı keçirilib.
Tbilisinin meri Kaxa Kaladze vitse-mer Qiorqi Tğemaladze, MMC “Tbilisi Nəqliyyat Şirkəti”nin rəhbəri Qiorqi Şarkov və Tbilisinin Nəqliyyat və Urban İnkişaf Agentliyinin rəhbəri Nino Baqaşvili ilə birlikdə yeni avtobusları ictimaiyyətə təqdim edib.
Tbilisinin merinin qeyd etdiyi kimi, 18 metrlik avtobusların növbəti axını sentyabrın 27-dən etibarən müxtəlif marşrutlar üzrə mərhələli şəkildə paylanacaq.
“Bu gün şəhərimiz üçün çox xoş gündür, çünki nəqliyyat siyasətimiz istiqamətində daha bir mühüm addım atılır. Keçən il aldığımız 200 ədəd 18 metrlik avtobuslar artıq Tbilisidədir və paytaxtın əhalisinə xidmət göstərməyə hazırdır. Son illər ərzində avtoparkı yeni, müasir, Avropa tipli avtobuslar və mikroavtobuslarla tam şəkildə əvəz edə bildiyimizə çox şadam. Sentyabrın 27-dən etibarən yeni, 18 metrlik avtobuslar xəttə çıxmağa başlayacaq və həmşəhərlilərimizə xidmət göstərəcək. Azad edilən 10 və 12 metrlik avtobuslar isə müxtəlif xəttlər üzrə paylanacaq. Hər bir məhəllənin, rayonun müasir avtobus və mikroavtobuslardan istifadə imkanı olması üçün biz, əlbətdə, ictimai nəqliyyatın inkişafını davam etdirməliyik. Bu proses bununla bitmir – şəhər inkişaf edir, irəliləyir, böyüyür və yeni layihələr həyata keçirilir. Müvafiq olaraq, ictimai nəqliyyat nöqteyi-nəzərdən bizim tərəfimizdən də daim uyğunlaşma tələb olunur. Hazırda şəhərimiz üçün əsas çağırışlardan biri tıxaclardır, lakin ictimai nəqliyyatla hərəkəti rahat etmək üçün biz hər şeyi edirik. Məhz bu səbəbdən, müvafiq tədqiqatların nəticələrini nəzərə alaraq, mümkün olan bütün yerlərdə avtobus zolaqları təşkil edirik” – Kaxa Kaladze bildirib.
Tbilisi Meriyasının məlumatına əsasən, MAN markalı 200 ədəd 18 metrlik avtobusların alınması “Tbilisi Nəqliyyat Şirkəti” ilə “Tegeta Holding” arasında imzalanmış razılaşma çərçivəsində həyata keçirilib.
Onların məlumatına əsasən, sıxılmış təbii qazla (CNG) işləyən yeni avtobuslar 162 sərnişin üçün nəzərdə tutulub, 43 oturacaq yeri ilə.
“Avtobuslar məhdud imkanlı şəxslər üçün tam şəkildə uyğunlaşdırılıb: salonda təkərli arabanın təhlükəsiz şəkildə yerləşdirilməsi üçün xüsusi sahə ayrılıb, eləcə də açıla bilən pandusu var. Müasir standartlara cavab verən inteqrasiya olunmuş istilik, kondisioner və havalandırma sistemi quraşdırılıb, bu da Tbilisinin iqlim şəraitinə uyğunlaşdırılıb.
Avtobuslar səsli məlumat sistemi, daxili və xarici anti-vandal videomüşahidə sistemi, mobil telefonların şarj nöqtələri və monitorinq, idarəetmə və təhlükəsizlik üzrə digər müasir sistemlərlə təchiz olunub. Avtobuslarda sərnişinlərin gediş haqqının ödənilməsi və məlumat sistemlərinin idarə edilməsi üzrə kompüter, məlumat lövhələri, audio məlumat və videomüşahidə sistemləri, eləcə də WiFi cihazını əhatə edən məlumat sistemi fəaliyyət göstərir. Avtobuslar alçaq döşəməlidir və dörd giriş qapısı var. Bu mərhələdə 76 ədəd 18 metrlik avtobus bir neçə marşrut üzrə paylanıb, qalan hissəsi isə mərhələli şəkildə müxtəlif tutumlu avtobusları əvəz edəcək. Layihənin ümumi dəyəri 111.1 milyon avro təşkil edir” – Tbilisi Meriyasının məlumatında qeyd olunub.
Tədbirdə Kaxa Kaladze ilə birlikdə munisipalitetin meriyasının müvafiq xidmətlərinin və Şəhər Məclisinin nümayəndələri iştirak ediblər.