Daxili İşlər Nazirliyi külli miqdarda narkotik vasitələrin Gürcüstana qanunsuz yolla gətirilməsi faktının qarşısını alıb. Xarici ölkə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində xarici ölkə vətəndaşını xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Batumi Beynəlxalq Hava Limanında şübhəlinin üzərində və əl yükündə apardıqları axtarış zamanı maddi sübut kimi xüsusilə külli miqdarda narkotik vasitələr, o cümlədən MDMA və kokain aşkar edərək götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.