Universitetlərdə tələbələrin istisna qaydada qəbulu iki halda mümkün olacaq
Universitetlərdə tələbələrin istisna qaydada qəbulu iki halda mümkün olacaq

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze universitetlərdə tələbələrin hansı hallarda istisna qaydada qəbul ediləcəyini açıqlayıb.

Nazirin sözlərinə görə, müəyyən edilmiş kvotalardan əlavə tələbə qəbulu istisna hal kimi aşağıdakı iki vəziyyətdə mümkündür:

  • Vahid Milli İmtahanların nəticələrinə əsasən son keçid yerində eyni bal toplayan iki və ya daha çox abituriyent olduqda;

  • Gürcüstanın müvəqqəti işğal olunmuş ərazilərində yaşayan şəxslər Vahid Milli İmtahan vermədən dövlət universitetinin müvafiq proqramında təhsil almaq istədikdə.

“Ali təhsil sisteminin islahatının əsas məqsədi gürcü tələbənin Gürcüstanda müasir standartlara uyğun ali təhsil almasını təmin etməkdir. Təəssüf ki, bu gün ölkəmizdə bu, tam şəkildə təmin olunmayıb. Universitetlərdə qəbul kvotalarının düzgün prinsiplər əsasında müəyyənləşdirilməsi bu nəticəyə nail olmaq üçün yaxşı və zəruri zəmin yaradacaq”, – deyə Givi Mikanadze bildirib.

Xatırladaq ki, bu gün Gürcüstan hökuməti dövlət universitetlərində tələbə qəbulu kvotalarını təsdiqləyib.