Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi şimşir ağacının kəsilməsinə nəzarəti sərtləşdirir
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi şimşir ağacının kəsilməsinə nəzarəti sərtləşdirir

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qarşıdan gələn Şimşir bayramı ilə əlaqədar şimşir ağacının kəsilməsinə nəzarəti sərtləşdirir.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, şimşir ağacının kəsilməsi, kökündən çıxarılması və ya budaqlarının zədələnməsi cəzalandırılan əməldir. Sanksiyanın məbləği artırılıb və 500-dən 2000 lariyə qədər cərimə nəzərdə tutur. Əgər ətraf mühitə vurulan ziyan 1000 larini aşarsa, işə cinayət hüquqi qiymət verilir.

“Şimşir bayramı ilə əlaqədar Milli Meşə Agentliyi əhaliyə xatırladır ki, şimşirin əldə edilməsi yalnız şəxsi mülkiyyətdə olan tingliklərdən və süni salınmış plantasiyalardan, yerli özünüidarəetmə orqanı tərəfindən verilmiş müvafiq mənşə sertifikatı əsasında mümkündür. ‘Kolxuri şimşiri’ Qırmızı siyahı ilə qorunan növdür və onun dövlət meşə ərazilərində əldə edilməsi qadağandır.

Milli Meşə Agentliyi bir daha əhaliyə müraciət edir ki, qanunu pozmasınlar, çünki ötən illərdə olduğu kimi, hər bir aşkar olunmuş pozuntuya görə qanunvericiliklə nəzərdə tutulmuş sərt sanksiyalar tətbiq ediləcək”, – deyə Milli Meşə Agentliyinin rəhbəri Besik Amiranaşvili bildirib.

Qeyd edək ki, ölkə ərazisində şimşir ağaclarının quruması son bir neçə ildə ciddi problemə çevrilib. Patogen göbələklərlə yanaşı, Kolxuri şimşirinin təbii yayılmış sahələri üçün böyük təhlükə invaziv zərərverici – şimşir güvəsi olub.

Milli Meşə Agentliyi tabeliyində olan meşə ərazilərində zədələnmiş Kolxuri şimşiri sahələrində 2016-cı ildən kompleks tədbirlər həyata keçirir ki, bu da zərərverici və xəstəliklərlə mübarizə ilə yanaşı, növün qorunması tədbirlərini də əhatə edir. Vacibdir ki, illər ərzində görülən tədbirlər nəticəsində zərərvericinin sayı əhəmiyyətli dərəcədə azalıb.