Ərazi prinsipi əsasında birinci sinfə qəbul üçün qeydiyyat 15 may tarixində başlayacaq və 25 may tarixinədək davam edəcək
Birinci sinfə qeydiyyatın əlavə mərhələsi – ərazi prinsipi əsasında qeydiyyat 15 mayda başlayacaq və 25 mayadək davam edəcək.
Bu barədə məlumatı Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi yayıb. Nazirliyin bildirdiyinə görə, ərazi prinsipi pilot rejimində 12 şəhərdə tətbiq olunacaq: Tbilisi, Batumi, Kutaisi, Rustavi, Zugdidi, Ambrolauri, Ozurgeti, Axalcixe, Gori, Mtsxeta, Telavi və Foti.
“2026-2027-ci tədris ilindən başlayaraq, birinci sinfə qeydiyyatın əlavə mərhələsi ərazi prinsipi əsasında həyata keçiriləcək. Bu mərhələdə valideynlər yaşayış yerlərinə uyğun olaraq istədikləri məktəbə prioritetlə qeydiyyatdan keçə biləcəklər. Ünvanların müəyyən edilməsində Təhsil İdarəetmə İnformasiya Sistemi 2026-cı il 15 aprel tarixinə Dövlət Xidmətləri İnkişaf Agentliyinin məlumat bazasına əsaslanacaq,” – deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, birinci sinfə qeydiyyatın ilk mərhələsi 18 fevral – 2 mart tarixlərində xüsusi təhsil ehtiyacı olan uşaqlar üçün aparılıb. İkinci mərhələ 21 aprel – 8 may tarixlərini əhatə edəcək və bunlar üçün nəzərdə tutulub: uşaqların qardaş və bacıları istədikləri məktəbdə oxuyursa; valideyni həmin məktəbdə işləyirsə; bir ailədən eyni anda iki və ya daha çox uşaq birinci sinfə daxil olursa.