Hökumət iclasında qəbul edilən qərara əsasən, Gürcüstanda aprelin 1-dən etibarən 6 ildən artıq yaşı olan M1 kateqoriyalı avtomobillərin idxalı, ilkin və müvəqqəti qeydiyyatı qadağan olunur. Qərar müvafiq normativ aktla müəyyən edilmiş emissiya (Euro 5/V) standartları ilə birlikdə qüvvəyə minəcək. Bu barədə məlumatı Ətraf Mühitin Mühafizəsi Nazirliyi yayıb.
Qurumun bildirdiyinə görə, istisnalar aprelin 1-dək daşınmasına başlanılmış və ya artıq Gürcüstanın gömrük ərazisinə gətirilmiş M1 kateqoriyalı avtomobillərə şamil edilir. Belə avtomobillərin ilkin qeydiyyatı aprelin 1-dək qüvvədə olan şərtlərə uyğun həyata keçiriləcək.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Nino Tandilaşvili bildirib ki, yeni tənzimləmələr avtomobil parkının yenilənməsinə və havanın çirklənməsinin azaldılmasına töhfə verəcək.
“Son illər ərzində hava keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Lakin əlavə addımların atılması vacibdir ki, hava keyfiyyəti baxımından daha yaxşı nəticələr əldə olunsun. Bu, həm hər birimizin, həm də övladlarımızın sağlamlığı üçün önəmlidir. Məqsəd ondan ibarətdir ki, zamanla avtomobil parkı yenilənsin, daha keyfiyyətli və daha az tullantı buraxan nəqliyyat vasitələri ölkəyə gətirilsin və hava çirklənməsi azalsın”, – deyə Tandilaşvili qeyd edib.
Nazirlik “Sakstat”ın məlumatlarını da yayıb. Məlumata görə, 2024-cü ildə Gürcüstanda 1,814 milyon nəqliyyat vasitəsi qeydiyyata alınıb və onların mütləq əksəriyyətini (85,7%) minik avtomobilləri təşkil edir. Qeydiyyatda olan avtomobillərin 80,6%-nin yaşı 10 ildən çoxdur.