Əfqanıstanda zəlzələ nəticəsində həlak olanların sayı 2200-ü keçib. Bu barədə məlumatı “Reuters” agentliyi “Taliban” administrasiyasına istinadən yayır. 3640-dan çox insan xəsarət alıb, təbii fəlakət nəticəsində zərər çəkmiş dağlıq bölgədə axtarış işləri beşinci gündür davam edir.
Avqustun 31-də Şərqi Əfqanıstanda maqnitudası 6 olan zəlzələ baş verdi. Təbii fəlakət Pakistanla həmsərhəd Kunar əyalətində bütün yaşayış məntəqələrini dağıdıb. Yeraltı təkanlar bəzi rayonlarda sürüşməyə səbəb oldu, bu səbəbdən yollar bağlandı. İki gün sonra maqnitudası 5,5 olan zəlzələ qeydə alındı, bu da əhali arasında panikaya səbəb oldu.
Təkrar təkanlara görə xilasetmə əməliyyatı müvəqqəti olaraq dayandırılıb, çünki təkanlar dağlardan daşların tökülməsinə səbəb olub.
Bəzi kəndlərə gedən yollar bağlanıb.
“Taliban” beynəlxalq yardım istəyib. Yerli hakimiyyətin məlumatına əsasən, təbii fəlakət 6700-dən çox evi dağıdıb. BMT-də qurbanların sayının artacağını istisna etmirlər, “Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası” Əfqanıstanda zəlzələ nəticəsində zərər çəkmiş əhalinin humanitar ehtiyaclarının genişmiqyaslı olduğunu və sürətlə artdığını bəyan edib. Təşkilatın məlumatına əsasən, ilkin məlumatlara görə, 84 min insan birbaşa və ya dolayı yolla zərər çəkib, minlərlə insan isə məcburi köçkün düşüb.