Ədliyyə Nazirliyi - Strasburq Məhkəməsinin qiymətləndirməsinə əsasən, açıq şəkildə verilən təhqiramiz, qeyri-etik və alçaldıcı bəyanatlar ifadə azadlığının hüdudlarından kənara çıxır
Strasburq Məhkəməsi “Miladze Gürcüstana qarşı” işi üzrə Ədliyyə Nazirliyinin mövqeyini bölüşüb və təsdiqləyib ki, vəzifəli şəxslərə qarşı açıq şəkildə verilən təhqiramiz, alçaldıcı və qeyri-etik bəyanatlar ifadə azadlığı ilə qorunan hüdudlardan kənara çıxır – bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Qurumda bəyan etdikləri kimi, məsələ 2022-ci ildə “TikTok” sosial platformasında yayılan və iddiaçı, mülki fəal İrakli Miladzenin Tbilisi merinin, meriya əməkdaşlarının və polisin ünvanına nalayiq və təhqiramiz ifadələr işlətdiyi video ilə bağlı olub. Buna görə milli məhkəmələr ona qanunla nəzərdə tutulmuş minimum məbləğdə – 500 lari dəyərində cərimə tətbiq edib.
“Avropa Məhkəməsi iddiaçının bəyanatlarının siyasi tənqid və ya ictimai maraq doğuran məsələ ilə bağlı fikir ifadəsi olmadığını yekdilliklə müəyyən edib. Məhkəmənin qiymətləndirməsində istifadə edilən üslubun dövlət məmurlarını alçaltmaq və təhqir etmək məqsədi daşıdığı deyilir. Həmçinin, Strasburq Məhkəməsi yerli məhkəmələrin əsaslandırmasını bölüşüb və qeyd edib ki, onlar kəskin siyasi tənqid ilə şəxsi xarakterli təhqir arasında sərhədi düzgün müəyyənləşdiriblər. Qərarda iddiaçıya qarşı tətbiq edilən tədbirin minimum və mütənasib olmasına xüsusi diqqət yetirilib – ona yalnız qanunla nəzərdə tutulmuş minimum cərimə tətbiq edilib. Strasburq Məhkəməsinin bugünkü qərarı ilə mühüm prinsip bir daha təsdiqlənib: ifadə azadlığı demokratik cəmiyyətin fundamental dəyərlərindən biridir və kəskin tənqidi belə qoruyur, lakin bura başqalarının, o cümlədən vəzifəli şəxslərin və dövlət qulluqçularının alçaldılması və şəxsi təhqir daxil deyil. Qərar bir daha vurğulayır ki, dövlət, siyasi vəzifəli şəxsləri və dövlət qulluqçularını əsassız şifahi hücumlardan və təhqirdən qorumaq səlahiyyətinə malikdir ki, onlar öz öhdəliklərini ləyaqəti alçaldan təzyiqdən azad mühitdə yerinə yetirə bilsinlər. Strasburq Məhkəməsinin qiymətləndirməsi ifadə azadlığının fundamental əhəmiyyətini bir daha vurğulayır, lakin bununla bərabər, aydın şəkildə müəyyən edir ki, bu azadlığın reallaşdırılması, xüsusən də internet məkanında və sosial şəbəkələrdə, başqalarının ləyaqətini və hüquqlarını tapdalayan təhqirə çevrilməməlidir” – yayılmış məlumatda deyilir.