Ədliyyə Nazirliyi – İnsan alverinə qarşı mübarizə sahəsində, Gürcüstan regionda və Avropa İttifaqına namizəd ölkələr arasında yeganə dövlətdir ki, Dövlət Departamentinin qiymətləndirməsində ən yüksək səviyyəni tutur
Ədliyyə Nazirliyi – İnsan alverinə qarşı mübarizə sahəsində, Gürcüstan regionda və Avropa İttifaqına namizəd ölkələr arasında yeganə dövlətdir ki, Dövlət Departamentinin qiymətləndirməsində ən yüksək səviyyəni tutur

İnsan alverinə qarşı mübarizə istiqamətində Gürcüstan bu il də ən yüksək qiyməti alır – bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin açıqlamasında bildirilir ki, Gürcüstan insan alverinə qarşı effektiv mübarizəyə böyük diqqət yetirir.

“2025-ci il 29 sentyabrda ABŞ Dövlət Departamentinin insan alveri barədə illik hesabatı dərc olundu. Hesabata əsasən, bu cinayətə qarşı həyata keçirilən tədbirlərlə Gürcüstan yenidən ən yüksək pillədədir və artıq onuncu ildir ki, dünya üzrə 188 ölkə arasında ‘birinci səbət’də yerini qoruyur. Bu il qiymətləndirmənin ən yüksək pilləsində cəmi 33 ölkə yer alıb. Gürcüstan isə region miqyasında və Aİ-yə namizəd ölkələr arasında yeganə dövlətdir ki, ABŞ Dövlət Departamentinin qiymətləndirməsində ən yüksək göstəricini tutur.

Qeyd olunub ki, birbaşa Avropa İttifaqına üzv olan dövlətlərdən 11 ölkə yüksək – birinci səbətə daxil ola bilməyib. Gürcüstan insan alverinə qarşı effektiv mübarizəni həmçinin Avropa İttifaqına inteqrasiya prosesinin mühüm hissəsi kimi qiymətləndirir və transmillət təşkil olunmuş cinayətkarlığa qarşı mübarizə baxımından ölkə və regionda təhlükəsiz və etibarlı mühit yaradır. ABŞ Dövlət Departamentinin hesabatına əsasən, Gürcüstan bu sahədə mübarizə standartlarını tam təmin edir, insan alverinə qarşı möhkəm, davamlı, ardıcıl və koordinasiyalı tədbirlər həyata keçirir ki, bu da ölkənin yüksək qiymətləndirilməsini şərtləndirir.

Hesabatda vurğulanır ki, insan alverinə qarşı mübarizənin bütün istiqamətlərində Gürcüstan hökumətinin gücləndirilmiş səyləri – cinayətin qarşısının alınması, cinayətkarların aşkarlanması və cəzalandırılması, qurbanların müdafiəsi – ön plana çıxır. Gürcüstanın hesabat dövründə əldə etdiyi irəliləyiş və ABŞ Dövlət Departamentinin hesabatında qabaqcıl mövqeyinin saxlanılması insan alverinə qarşı tədbirləri həyata keçirən hökumətlərarası Koordinasiya Şurasının effektiv fəaliyyətinin nəticəsidir. Şuraya Gürcüstanın ədliyyə naziri rəhbərlik edir və onun tərkibinə bütün aidiyyəti dövlət qurumlarının, xalq müdafiəçisinin ofisinin və tərəfdaş təşkilatların nümayəndələri daxildir”, – deyə Ədliyyə Nazirliyinin məlumatında bildirilir.

ABŞ Dövlət Departamenti insan alveri ilə bağlı hesabat dərc edib və orada Gürcüstan haqqında da bəhs olunur. Hesabata əsasən, Gürcüstan hökuməti insan alverinin aradan qaldırılması üçün lazım olan standartlara cavab verir və davamlı səyləri səbəbindən “birinci səviyyədə” qalıb.