Ədalət Evinin 15 filialı 28 və 29 mart tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək
Biznes subyektləri üçün qeydiyyat məlumatlarının “Sahibkarlıq haqqında” Gürcüstan qanununa uyğunlaşdırılması müddətinin 1 aprel tarixində bitməsi ilə əlaqədar, Ədalət Evinin 15 filialı 28 və 29 mart tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək, – məlumatı Ədalət Evi yayıb.
‘Məlumatların qanuna uyğunlaşdırılması üçün biznes subyektlərinin qalan günlərdən maksimum yararlana bilməsi məqsədilə, 28 və 29 mart tarixlərində, şənbə və bazar günləri, Ədalət Evinin 15 filialı saat 10:00-dan 17:00-dək xüsusi rejimdə xidmət göstərəcək. Xidmət bütün Gürcüstan üzrə iri şəhərlərdə əlçatan olacaq: Tbilisidəki üç filialda, Batumidəki iki filialda, həmçinin Rustavida, Gorida, Borjomidə, Marneulidə, Ozurgetidə, Fotidə, Kutaisidə, Xashuridə, Zugdidə və Telavidəki filiallarda.
Hələ qanuna uyğunlaşdırılmamış biznes subyektləri şənbə və bazar günləri təklif olunan xidmətdən istifadə edərək uyğunsuzluğun yaratdığı nəticələrdən qaça bilərlər.
İş qrafiki və əlavə məlumatı Ədalət Evi və Milli Dövlət Reyestri Agentliyinin Facebook səhifələrindən və ya telefon mərkəzi – 2 405 405 vasitəsilə əldə etmək mümkündür.
Ərizə həmçinin onlayn, my.gov.ge portalı vasitəsilə təqdim oluna bilər.
Məlumatların qanuna uyğunlaşdırılması 2022-ci il 1 yanvar tarixinədək qeydiyyatdan keçmiş aşağıdakı müəssisələr üçün məcburidir: Məhdud Məsuliyyətli Cəmiyyət, Solidarlıq Məsuliyyətli Cəmiyyət, Səhmdar Cəmiyyət, Komandit Cəmiyyət, Kooperativ və Xarici müəssisənin filialı.
Bu öhdəlik fərdi sahibkarlara və qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxslərə şamil edilmir’, – məlumatda qeyd olunur.