Əbu-Dabidə İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib. Bu haqda məlumatı Azərbaycan Prezident Administrasiyası yayır.
Onların məlumatında görüşün geniş tərkibdə keçirildiyi deyilir. Danışıqlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak edirdilər.
Liderlər hazırda qapalı formatda üzbəüz görüşlərini davam etdirirlər.
Məlumat üçün bildirək ki, İlham Əliyev və Nikol Paşinyan “Zayed Mükafatı”nı almaq üçün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına gediblər. Ermənistan və Azərbaycanın liderləri sülhün bərqərar olunması, eləcə də regionda əməkdaşlıq və sabitliyə yönəlik ardıcıl əməyin tanınması əlaməti olaraq mükafatın builki qalibləri elan ediliblər.