Zurab Çxaidze - Saakaşvilinin vəziyyəti yaxşılaşıb, lakin onun psixoemosional və nevroloji vəziyyəti diqqətəlayiq olaraq qalır, bu mərhələdə onun stasionar şəraitdə olmasına ehtiyac var
Zurab Çxaidze - Saakaşvilinin vəziyyəti yaxşılaşıb, lakin onun psixoemosional və nevroloji vəziyyəti diqqətəlayiq olaraq qalır, bu mərhələdə onun stasionar şəraitdə olmasına ehtiyac var

 
“Vivamed”in tibbi direktoru Zurab Çxaidze, Xalq Müdafiəçisi Aparatı nəzdində fəaliyyət göstərən konsiliumun üzvləri ilə keçirilən görüşün məhsuldar və səmərəli olduğunu bildirib.

O, Saakaşvilinin səhhətinin yaxşılaşdığını, lakin onun psixoemosional və nevroloji vəziyyətinin hələ də diqqətəlayiq olduğunu deyib.

“Bildiyiniz kimi, dünən Xalq Müdafiəçisi Aparatı nəzdində fəaliyyət göstərən konsiliumun üzvləri olan həkimlər pasiyenti ziyarət edib və müayinə ediblər. Onlar tədqiqatın nəticələrini də görüblər. Konsiliumun həkimləri ilə birlikdə pasiyentin səhhətindən danışdıq. Görüş məhsuldar, səmərəli, kollegial keçdi. Təbii ki, pasiyentin vəziyyəti yaxşılaşıb, stabildir, həyati parametrləri norma çərçivəsindədir, lakin bu mərhələdə psixoemosional və nevroloji vəziyyəti diqqətəlayiqdir. Müəyyən tədqiqatların nəticələri də diqqətəlayiqdir, bu səbəbdən də müşahidə davam edir və müalicə stasionar şəraitdə aparılır” – Zurab Çxaidze açıqlayıb.

Saakaşvilinin səhhəti yaxşılaşdığı üçün onun cəzaçəkmə müəssisəsinə qaytarılmasının mümkün olub-olmaması ilə bağlı suala Zurab Çxaidze belə cavab verib:

“Bu mərhələdə onun stasionar şəraitdə olması lazımdır. Bu konsiliumun üzvlərinin də qərarıdır və biz bu qərarla razıyıq. Pasiyent nutrisioloqun tövsiyəsini daha çox nəzərə alır, qidalanmasını yaxşılaşdırıb, qidanın kaloraj baxımdan miqdarı artıb, lakin bu, hələ də norma daxilində deyil və 24 saat ərzində qəbul etməli olduğu tövsiyə olunan kalori miqdarı deyil. Ümid edirik ki, qidalanmanı yaxşılaşdıracaq. Bu mərhələdə çəki artımı müşahidə olunur” – Zurab Çxaidze açıqlayıb.

Məlumat üçün bildirək ki, dünən Xalq Müdafiəçisi Aparatı nəzdində fəaliyyət göstərən konsiliumun üzvləri “Vivamed” klinikasında olublar və Mixeil Saakaşviliyə baş çəkiblər. Onlar, Saakaşvilinin çəkisinin artdığını, psixonevroloji vəziyyətinin isə demək olar ki, dəyişmədiyini bildiriblər.