Zurab Azaraşvili Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım üçün 100 tondan çox yük göndərildiyini bildirib
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım üçün Gürcüstandan 100 tondan çox humanitar yük göndərildiyini bildirib.
Azaraşvili Hökumət Administrasiyasında keçirilən brifinqdə dünən Türkiyəyə hansı yükün göndərilməsi ilə bağlı sualı cavablandırıb.
“Bu yardıma qida, quru qidalar, eləcə də uşaq qidası, uşaq gigiyenasının müxtəlif vasitələri daxil idi. Həmçinin isti paltarlar, çadırlar, müxtəlif tibbi avadanlıqlar və xilasetmə işlərində insanlara kömək etmək üçün lazım olan bütün zəruri əşyalar var idi. Yük ümumi çəkisi 100 tondan çox olan yeddi yük maşınından ibarət olub. Səhərə olan məlumatlara əsasən humanitar yük artıq Trabzonda olub və zənnimcə gecə saatlarında Ankarada olacaq, nümayəndələrimiz tərəfindən qarşılanacaq və yerli hakimiyyət orqanlarının tələb etdiyi lokasiyalar üzrə yenidən bölüşdürüləcək”- deyə Azaraşvili açıqlayıb.