Zurab Azaraşvili Moldovanın vitse baş naziri Oleq Serebrianla görüşüb
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili Moldova Respublikasının reinteqrasiya məsələləri üzrə vitse baş naziri Oleq Serebrianla görüşüb.
Səhiyyə Nazirliyinin məlumatında tərəflərin Moldova və Gürcüstanda məcburi köçkünlərə yardım və onların inteqrasiyası istiqamətində mövcud layihələri müzakirə etdikləri deyilir. Həmçinin, Gürcüstan və Moldovada ukraynalı qaçqınlara cari yardım proqramları müzakirə edilib.
“Zurab Azaraşvili nümayəndə heyətinin üzvlərini nazirliyin fəaliyyətinin xüsusiyyətləri və dövlətin məcburi köçkünlərlə bağlı siyasəti ilə tanış edib. Məcburi Köçkünlər, Eko-miqrantlar və Dolanışıq Mənbələrinin Təminatı Agentliyinin direktoru İrakli Mxeidze isə qonaqlara uzunmüddətli mənzil, maddi yardım, səhiyyə və dolanışıq mənbələri ilə təminat proqramlarını təqdim edib. Tərəflər gələcək əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.
Moldova Respublikasının nümayəndə heyəti Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvledianinin dəvəti ilə gəlib. İki günlük səfərin məqsədi Moldova və Gürcüstanda reinteqrasiya məsələləri ilə məşğul olan digər aidiyyəti qurumlar arasında əlaqələrin dərinləşdirilməsinə, eləcə də gələcək əməkdaşlıq üçün addımların müəyyənləşdirilməsinə xidmət edir”- deyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.