Zurab Azaraşvili Mixeil Saakaşvilini ziyarət etmək istəyən həkim Ceyms Kobun müvafiq sənədləri təqdim edə bilmədiyini söyləyib
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili Saakaşvilini ziyarət etməyə gələn həkim Ceyms Kobun eks-prezidentin yanına daxil olmasına icazə verilməməsinin səbəbini açıqlayıb.
Azaraşvili bildirib ki, Gürcüstanda həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququnu yoxlayan xüsusi komissiya həmin şəxsin lazımi sənədləri təqdim etmədiyini bildirib.
Azaraşvili Səhiyyə Nazirliyinin müəyyən etdiyi nöqsanlar və həkim Ceyms Kobun Mixeil Saakaşvilini ziyarət etmək imkanının niyə olmaması ilə bağlı sualı cavablandırıb.
“Gürcüstanda həkimlik fəaliyyəti hüququnu yoxlayan tənzimləyici agentlik və xüsusi komissiya, Səhiyyə Nazirliyi deyil, Səhiyyə Nazirliyinin tabeliyində olan hüquqi şəxsdir. İstər pasiyent olsun, istər məhbus, biz ziyarət hüququ vermirik. Biz həkim kimi fəaliyyət göstərmək hüququ veririk. Bu halda, bildiyimə görə, komissiya konkret olaraq bu şəxsə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsini məqsədəuyğunsuz hesab edib. Mən özüm sözügedən komissiyada deyiləm. Bu səbəbdən başqa cavabım yoxdur.
Həkimlik fəaliyyətinə dair lisenziya almaq üçün təqdim edilməli olan sənədlər, bildiyimə görə, natamam olub və bu səbəbdən təmin olunmayıb. Buradaca açıqlayacağam ki, çoxlu müraciətlər var idi, dörd və ya beş müraciət olub və onların bir hissəsi təsdiqlənib, çünki sənədlər təqdim olunub və şura hesab edib ki, lisenziya verilməlidir”-deyə Zurab Azaraşvili bildirib.