Zurab Azaraşvili İsrail səfiri ilə Gürcüstan vətəndaşlarının İsraildə müvəqqəti məşğulluq imkanlarının artırılması məsələsini müzakirə edib
Zurab Azaraşvili İsrail səfiri ilə Gürcüstan vətəndaşlarının İsraildə müvəqqəti məşğulluq imkanlarının artırılması məsələsini müzakirə edib

 
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili İsrailin Gürcüstandakı səfiri Hadas Ester Meitsad ilə görüşüb.

Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə ediblər. Referal xidmət proqramı çərçivəsində Gürcüstandan İsrailə gedən pasiyentlərin müalicəsi, fövqəladə vəziyyət zamanı effektiv yardım sisteminin tətbiqi, Gürcüstanda yüksək texnoloji müdaxilələrin tətbiqi üçün insan resurslarının hazırlanması imkanlarından danışılıb.

Görüşdə tərəflər İsrailin uşaq onkoloji dövlət klinikasının yaradılmasında və müalicə taktikasının hazırlanmasında Gürcüstana aktiv kömək edəcəyi barədə razılaşıblar.

Gürcüstan vətəndaşlarının İsrail dövlətində əmək bazarının müxtəlif sektorlarında müvəqqəti məşğulluq imkanlarının artırılması məsələsi də müzakirə olunub.

İsrailin yeni təyin olunmuş səfiri Səhiyyə Nazirliyində aparılan islahatları dəstəklədiyini və əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.

Məlumatı Gürcüstan Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.