Zurab Azaraşvili - Holdinq və bu kimi iri müqavilələr nəticəsində dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyə bilər, biz bu istiqamətdə nə edəcəyimizə dair tədbirlər planı hazırlayırıq
Holdinq tipli və bu kimi iri müqavilələr nəticəsində dövlətə və vətəndaşlara böyük ziyan dəyə bilər. Biz bu istiqamətdə nələr edəcəyimizə dair fəaliyyət planı hazırlayırıq, – bu haqda Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili parlamentdə “Nazir saatı” formatında açıqlayıb.
Azaraşvili deputat Zaza Lominadzenin holdinq birlikləri və razılaşma ilə bağlı sualını cavablandırıb. Xüsusilə, söhbət əczaçılıq şirkətlərini, tibb müəssisələrini və sığorta şirkətlərini birləşdirən holdinqlərdən gedir.
Zurab Azaraşvilinin sözlərinə görə, qurum qeyd olunan məsələ ilə bağlı işə başlayıb.
“Xüsusilə cari ildə bunun ölkə üçün ciddi problem olduğu bəlli oldu, belə ki holdinq və oxşar böyük kartel razılaşmalar nəticəsində həm dövlətə, həm də vətəndaşlarımıza böyük ziyan dəyə bilər. Düşünürəm ki, ilin sonuna qədər tədbirlər planı hazır olacaq. Planda bu istiqamətdə nələr edəcəyimiz aydın şəkildə təsvir olunacaq. Konturlar artıq cizgilənib, amma mən hadisələri qabaqlamaq və real olaraq nə gözlədiyimi söyləmək istəmirəm. Bu həssas mövzudur” – Zurab Azaraşvili deyib.