Zurab Azaraşvili - Gürcüstanda vərəmə yoluxma halları kəskin şəkildə azalıb və müalicə imkanları yaxşılaşıb
Gürcüstanda vərəm, o cümlədən dərmana davamlı vərəm halları 2015-ci illə müqayisədə 50% azalıb və xəstəliyin bütün formalarının müalicəsinin göstəricisi də yaxşılaşıb, – bu haqda səhiyyə naziri Zurab Azaraşvili ABŞ-da, BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində vərəmlə mübarizə üzrə yüksək səviyyəli iclasda bildirib. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Onların məlumatlarına görə, görüşdə ölkələr vərəmin aşkarlanması və müalicəsinin gedişatını müzakirə ediblər. “COVID-19”un vərəmlə mübarizə qabiliyyətinə etdiyi təsir vurğulanıb.
Zurab Azaraşvilinin qeyd etdiyinə əsasən, pandemiya dövründə xidmətin göstərilməsinin alternativ, daha səmərəli və pasiyent yönümlü modelləri hazırlanmış, onlayn xidmətlər, rəqəmsal texnologiyalar və teletibb inkişaf etdirilmişdir.
“Pandemiya vərəmlə mübarizə proqramları üçün ciddi problem yaratdı. Bununla belə, pandemiyadan əvvəlki dövrdə vərəm proqramına qoyulan investisiyalar “COVID-19” üçün laboratoriya əsaslı sınaq proqramının yaradılmasına və effektiv nəzarətin təmin edilməsinə kömək etdi. “COVID-19” ilə bağlı çətinliklərə baxmayaraq, xəstələrin həyat xilas edən diaqnostika və dərmanlara davamlı çıxışını təmin etmək üçün Gürcüstandakı proqram fasiləsiz davam etdi. ABŞ hökumətinin, Qlobal Fondun, Ümumdünya Səhiyyə Təşkilatının və Vərəmlə Mübarizə Tərəfdaşlığının dəstəyi ilə Gürcüstan vərəmə son qoymaq üçün innovativ həl yolları tətbiq etdi və genişləndirdi. Ölkə tez bir zamanda Ümumdünya Səhiyyə Təşkilatının yeni təlimatlarını aldı, vərəmlə bağlı tədqiqat infrastrukturunu təkmilləşdirdi, davamlı maliyyələşdirməni təmin etdi və sosial ehtiyacları ödəmək üçün güclü proqram həyata keçirdi. Qeyd olunan müdaxilələr nəticəsində vərəmə yoluxma halları kəskin şəkildə azalıb və müalicə imkanları yaxşılaşıb”, – Zurab Azaraşvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev