Zurab Azaraşvili - Dərmanların keyfiyyətinə nəzarət məqsədilə Gürcüstan bazarına dərmanların aktiv şəkildə gətirildiyi Banqladeş, Hindistan və Özbəkistanın müəssisələrini artıq yoxlamışıq
Qanunverici orqanda çıxışı zamanı Zurab Azaraşvili dərmanların keyfiyyətinə nəzarət məqsədilə aparılan islahatlara diqqət çəkib.
Səhiyyə naziri vəzifəsinə namizədin sözlərinə görə, nazirlik tənzimləyici agentlik vasitəsilə Gürcüstana dərman preparatları gətirilən xarici müəssisələrin yoxlanılmasına başlayıb.
“Ölkədə dərmanların keyfiyyətinə nəzarət və yüksək keyfiyyətli dərman vasitələrinin dövriyyəsini təmin etmək məqsədilə biz Gürcüstan bazarına dərmanların aktiv şəkildə gətirildiyi Banqladeş, Hindistan və Özbəkistanın müəssisələrini artıq yoxlamışıq. Əczaçılıq sahəsində tənzimləmə mexanizmlərinin daha da təkmilləşdirilməsi gələcək islahatların əsas prioritetlərindən biri olaraq qalır. Nazirlik tərəfindən 2023-cü ildə istifadəyə verilən dərmanların keyfiyyətinə nəzarət laboratoriyası tam gücü ilə fəaliyyətini davam etdirir. Laboratoriya beynəlxalq standartlara uyğun olaraq son dərəcə müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı kadrlarla təmin edilmişdir. Nəticədə biz ölkədə istehsal olunan və ya xaricdən gətirilən dərmanların keyfiyyətinə nəzarət etmək imkanımız var” – deyə Zurab Azaraşvili açıqlayıb.