Zakir Həsənov – Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib platformadır
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib platformadır, – bu barədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Şuşa şəhərində Gürcüstan və Türkiyənin müdafiə nazirləri ilə görüşdən sonra bildirib.
Zakir Həsənov üç ölkə arasında müdafiə sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanlı nazir qeyd edib ki, siyasi gərginliyin artdığı və müxtəlif çətinliklərin yarandığı bir dünyada dövlətlər arasında koordinasiya və qarşılıqlı əlaqə xüsusi əhəmiyyət kəsb edir.
“Biz əməkdaşlığın inkişaf dinamikasından məmnunuq və birgə səylərlə onu daha da genişləndirmək və dərinləşdirmək niyyətindəyik”, – deyə Azərbaycan müdafiə naziri bildirib.
Şuşada keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə üç ölkə arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, əldə edilən nəticələr, bölgədə davam edən hərbi-siyasi proseslər və hərbi təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.