Yerevanda keçirilən etiraz aksiyasının iştirakçıları Nikol Paşinyana istefa verməsi üçün saat 20:00-a qədər vaxt veriblər
Yerevanda keçirilən etiraz aksiyasının iştirakçıları Nikol Paşinyana istefa verməsi üçün saat 20:00-a qədər vaxt veriblər

Ermənistanın paytaxtında davam edən etiraz aksiyasının iştirakçıları ölkənin baş nazirinə istefa verməsi üçün saat 20:00-a qədər vaxt veriblər.

Bu tələbi arxiyepiskop Baqrat Qalstanyan aksiyada açıqlayıb. Qalstanyan “Tavuş-vətən adına” hərəkatının rəhbəridir. O və onun tərəfdarları Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində birtərəfli güzəştlərə qarşı çıxdıqlarını bildirirlər.

O, bu tələblə Kirants kəndindən başlayan və bu gün Yerevanda başa çatan etiraz yürüşü təşkil edib.

Qeyd edək ki, Baqrat Qalstanyan ilk olaraq Ermənistanın paytaxtının mərkəzinə toplaşmış insanların qarşısında çıxışı zamanı baş nazirə istefa verməsi üçün bir saat vaxt verib və onun hakimiyyətdən getməsi şərtlərini müzakirə etmək üçün Nikol Paşinyanla görüşməyə hazır olduğunu bildirib.

Məlumat üçün bildirək ki, Ermənistanda etiraz nümayişləri aprelin 20-dən davam edir. Sərhədyanı kəndlərin sakinləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası razılaşmasına və ərazilərin Azərbaycana verilməsinə etiraz edirlər.