Yens Stoltenberq və Co Bayden Ağ Evdə görüş keçiriblər
Yens Stoltenberq və Co Bayden Ağ Evdə görüş keçiriblər

 
NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ Prezidenti Co Bayden Ağ Evdə görüş keçiriblər. NATO-nun veb saytında yayılan məlumata əsasən, Yens Stoltenberq Baydenlə görüşü zamanı 2024-cü ildə alyansın avropalı üzvlərinin və Kanadanın müdafiə xərclərinin 18% artacağını deyib.

“Bu gün biz müdafiə xərcləri ilə bağlı yeni göstəriciləri dərc edə bilərik. Alyansın 23 üzvü isə bu il ÜDM-nin iki və ya daha çox faizini müdafiəyə xərcləyəcək. Bu, dörd il əvvəlki rəqəmdən iki dəfə çoxdur və onu göstərir ki, alyansın avropalı üzvləri və Kanada həqiqətən NATO alyansında hamımızı qorumaq üçün öz məsuliyyət payını götürür və gücləndirirlər” – Yens Stoltenberq açıqlayıb.

Yens Stoltenberq Co Baydenə Ukrayna ilə “güclü həmrəyliyinə” görə təşəkkür edib və ABŞ ilə Ukrayna arasında təhlükəsizlik sahəsində on illik sazişi təqdir edib.

Stoltenberqin qeyd etdiyi kimi, müttəfiqlərin Ukraynaya dəstəyi nə qədər güclü olarsa, “müharibə bir o qədər tez bitə bilər”.

Öz növbəsində, Ağ Evdən verilən məlumata əsasən, Co Bayden NATO müttəfiqlərinin Ukraynaya dəstək istiqamətində atdığı addımları təqdir edib.

NATO-nun baş katibi Yens Stoltenberq Amerikada bir həftəlik səfərdədir. O, dövlət katibi Entoni Blinken və senatorlarla görüşəcək. Cari həftənin çərşənbə günü Stoltenberq Kanadanın paytaxtı Ottavaya gedəcək və Kanadanın Baş naziri Castin Trüdo ilə görüşəcək. Bundan sonra Stoltenberq Vaşinqtona qayıdacaq və Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və ABŞ Konqresinin üzvləri ilə görüşəcək.