Yens Stoltenberq - Ukraynanın özünümüdafiə hüququ var və bu hüquq sərhəddə bitmir
Yens Stoltenberq - Ukraynanın özünümüdafiə hüququ var və bu hüquq sərhəddə bitmir

NATO-nun baş katibi Yens Stoltenberq alman mətbuatına açıqlamasında deyib ki, Ukraynanın Rusiyanın Kursk bölgəsini işğal etməsi qanunidir və Kiyevin özünümüdafiə haqqının bir hissəsidir. Məlumatı “Reuters” yayıb.

Bu, Yens Stoltenberqin Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisinə başlatdığı hücumla bağlı ilk şərhidir.

“Ukraynanın özünümüdafiə hüququ var və beynəlxalq hüquqa görə, bu hüquq sərhəddə bitmir”. – NATO-nun baş katibi qeyd edib.

Stoltenberq həmçinin bildirib ki, NATO rəhbərliyinin Ukraynanın planları barədə əvvəlcədən məlumatı olmayıb və bu planlarda heç bir rol oynamayıb. Bundan əvvəl oxşar bəyanatlar digər Qərb siyasətçiləri tərəfindən də səsləndirilmişdi.

Eyni zamanda, NATO rəhbəri hesab edir ki, Ukrayna Kursk əməliyyatına görə təhlükə altındadır, lakin onun fikrincə, Kiyev hərbi əməliyyatların necə aparılacağına özü qərar verməlidir.

“Prezident Zelenski açıq şəkildə bildirdi ki, əməliyyat Rusiyanın növbəti hücumlarının qarşısını almaq üçün bufer zona yaratmaq məqsədi daşıyır. Bütün hərbi əməliyyatlar kimi, bu da risklərlə əlaqələndirilir, lakin özünü necə müdafiə edəcəyi Ukraynanın qərarıdır”. – Stoltenberq dedi.