Yens Stoltenberq - sanksiyalarımızın bir hissəsinin qlobal rezonans doğurduğunu etiraf edirəm, avropalılar bunun bədəlini ödəyirlər, lakin bu, azadlıq üçün ödəməli olduğumuz bədəldir
Yens Stoltenberq - sanksiyalarımızın bir hissəsinin qlobal rezonans doğurduğunu etiraf edirəm, avropalılar bunun bədəlini ödəyirlər, lakin bu, azadlıq üçün ödəməli olduğumuz bədəldir

 

İndi üzləşdiyimiz bütün çağırışlar Ukraynadakı müharibə ilə bağlıdır.Bu, Putinin Avropada müstəqil və suveren dövlətə qarşı apardığı şiddətli müharibədir -bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO sammiti başlamazdan əvvəl keçirilən forumda bildirib.

Onun sözlərinə görə, problemlərin aradan qaldırılmasının ən sadə yolu Ukraynada müharibəyə son qoymaqdır.

“Vladimer Putin qlobal enerji bazarlarında, qlobal ərzaq bazarlarında mövcud vəziyyətə görə məsuliyyət daşıyır. Bu problemləri aradan qaldırmağın ən sadə yolu müharibəyə son qoymaq, Putin tərəfindən öz qoşunlarını Ukraynadan çıxarmaq və suveren, müstəqil dövlətə hücumu sonlandırmaqdır” -deyə Yens Stoltenberq bildirib.

Stoltenberqin də qeyd etdiyi üzrə, ərzaq qiymətləri ilə bağlı problemlər və Ukraynadan buğda və ərzaq ixracının çətinləşməsinə səbəb məhz müharibədir.

Bununla yanaşı, Yens Stoltenberq qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qlobal rezonans doğurur və avropalılar bunun bədəlini ödəyirlər, lakin bu, azadlıq üçün ödəməli olduqları bədəldir.

“Biz ərzaq qiymətləri və Ukraynadan buğda ixracı ilə əlaqədar üzləşdiyimiz çağırışın iqtisadi sanksiyalarımızla bağlı olmadığını unutmamalıyıq. NATO-nun müttəfiqləri buğda ixracına sanksiyalar tətbiq etməyiblər. Ukraynadan buğda və ərzaq ixracının çətinləşməsinin səbəbi müharibədir. Həmçinin etiraf edirəm ki, bizim Rusiyanın sənayesi və maliyyə sektoruna qarşı tətbiq etdiyimiz bəzi sanksiyalar enerji bazarları da daxil olmaqla qlobal rezonans doğurur. Avropalılar, NATO-nun üzvləri və ABŞ bədəl ödəyir. Biz bunu inkar edə bilmərik, lakin bu, Putinin müstəqil dövlətə qarşı güc tətbiq etməklə öz dediyini yeritməsindən qat-qat aşağı bədəldir. Bu, qaydalara əsaslanan dünyada asayişi qorumağımız və Putinin belə zorakı hərbi gücdən istifadə etdiyinə görə mükafatlandırılmayacağına dair dərs çıxaracağına əmin olmağımız , azadlıq üçün ödəməli olduğumuz bədəldir. Mən Rusiyaya qarşı sanksiyaların bizə heç bir təsiri olmadığını demirəm, lakin ən böyük nəticəni yenə də müharibə gətirir, ikinci tərəfdən, ödədiyimiz bədəl buna dəyər, çünki özlərini müdafiə edə bilmələri üçün biz cəsur ukraynalıları dəstəklədiyimizə görə bu bədəli ödəyirik”-deyə Yens Stoltenberq bildirib.