Yens Stoltenberq - müttəfiqlər Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla tərəfdaşlara dəstəyi artırmağa dair razılaşdılar
NATO-nun baş katibi Yens Stoltenberq NATO sammitindən sonra keçirilən mətbuat konfransında Gürcüstan və Bosniya və Herseqovinaya dəstəkdən danışıb.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə birlikdə NATO bu ölkələrə suverenliklərini qorumaqda kömək etməlidir.
” Müttəfiqlər həmçinin Rusiyanın müdaxiləsi riski altında olan digər tərəfdaşlara, o cümlədən Gürcüstan və Bosniya və Herseqovinaya dəstəyimizi artırmağa dair razılaşdılar. Biz Avropa İttifaqı ilə birlikdə onlara öz suverenliklərini qorumaqda və dayanıqlığı gücləndirməkdə kömək etməliyik” – deyə Yens Stoltenberq bildirib.
Bununla yanaşı, Yens Stoltenberq NATO sammiti başlamazdan əvvəl Gürcüstana dəstəkdən danışıb.
“Bugünkü görüşdə liderlər Rusiyanın təzyiqi altında olan tərəfdaşlara, o cümlədən təbii ki, Gürcüstana dəstək gözləyirlər. Gürcüstanın öz yolunu seçmək hüququ var. NATO müttəfiqləri uzun illər Gürcüstanı dəstəkləyiblər. Belə ki onlar müdafiə və təhlükəsizlik institutlarını modernləşdirmək üçün islahatlar həyata keçirməlidirlər. Ukraynaya qəddarcasına hücum Gürcüstana yönəlik dəstəyin zəruriliyini vurğulayır “-deyə Yens Stoltenberq bildirib.