Yeni il öncəsi iynəyarpaqlı ağacların və bitkilərin əldə edilməsi, daşınması və satışına nəzarət gücləndirilir
Yeni il öncəsi Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri iynəyarpaqlı ağacların və bitkilərin əldə edilməsi və daşınmasına nəzarəti gücləndirirlər.
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata əsasən, Milli Meşə Agentliyinin “Şam ağacını kəsməyin” kampaniyasına tanınmış şəxslər də qoşularaq əhalini bir daha bayramlarda süni şam ağacından istifadə etməyə çağırıblar.
İynəyarpaqlı ağacların və bitkilərin qanuna zidd şəkildə əldə edilməsi, daşınması və satışına görə cərimə ilk dəfə 2000 lari, hadisənin təkrarlanması halında isə 5000 lari olmaqla müəyyən ediləcək, buna ətraf mühitə dəymiş ziyanın məbləği əlavə edilir. Zərər 1000 laridən çox olarsa, şəxs cinayət məsuliyyətinə cəlb olunacaq.
İynəyarpaqlı ağaclar və bitkiləri qanuni olaraq tingxana, plantasiyalarda, həyət-baca torpaq sahələrində əldə etmək olar, eləcə də idxal etmək olar. Qanuni yolla əldə edilmiş ağac və bitkilərin satışı halında, satıcı ağac və bitki üzərində qanuni mülkiyyət hüququnu təsdiq edən müvafiq sənəd təqdim etməlidir. İynəyarpaqlı ağac və bitki özəl mülkiyyətdə olan torpaq sahəsində və ya süni şəkildə yetişdirilmiş tinglikdə əldə edilibsə, bitkilərin daşınması üçün yerli munisipalitetin meriyası tərəfindən malın mənşəyi barədə verilmiş şəhadətnamə məcburidir.