Yəmənli “husilər” ABŞ-ı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ölkənin müxtəlif bölgələrində hava zərbələri endirməkdə ittiham edirlər
Yəmənli “husilər” ABŞ-ı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ölkənin müxtəlif bölgələrində hava hücumları həyata keçirməkdə ittiham edirlər.
Yəmən mediasına görə, Taiz bölgəsindəki Əş-Şuveyfə yaşayış məntəqəsində mülki evə edilən hava hücumu nəticəsində bir ailənin on üzvü, o cümlədən qadınlar və uşaqlar həlak olub. Bundan əlavə, xəsarət alanlar var.
Bununla yanaşı, yayılan məlumata görə, Saada bölgəsinin Qara yaşayış məntəqəsində mülki əhalinin evlərinə aviasiyanın endirdiyi hava zərbələri nəticəsində bir ailənin üzvü olan dörd uşaq həlak olub, həmçinin evlər dağıdılıb.
Yəmən mediasının məlumatına görə, ölkənin paytaxtı Səna şəhərinin Əl-Sabein rayonundakı yaşayış məntəqəsinə endirilən hava zərbələri nəticəsində bir qadın və iki uşaq həlak olub, beş vətəndaş isə xəsarət alıb. Hücum zamanı həmçinin üç ev tamamilə dağılıb, bir neçə digər yaşayış evinə isə ziyan dəyib. Yayılan məlumata görə, Əl-Xudeydə quberniyasında düşmənin hava hücumu Əl-Xoxa limanının körpüsünə üç hava zərbəsi endirib və bu, limana ciddi ziyan vurub. Həmçinin, Əl-Xoxa şəhərinin sahil xəttində yerləşən obyektlərə, „Cuman“ turist mehmanxanasına və Əl-Zaydiyə rayonunda yerləşən bir fermaya da hava zərbələri endirilib.