Yaşayış mənzilləri daha 123 məcburi köçkün ailəsinin mülkiyyətinə veriləcək
Yaşayış mənzilləri daha 123 məcburi köçkün ailəsinin mülkiyyətinə veriləcək

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında hökumətin iclası keçirilib. Hökumətin mətbuat xidmətindən verilən məlumatda Nazirlər Kabinetinin üzvlərinin 12 məsələni müzakirə etdikləri deyilir.

“Müzakirə olunan məsələlər arasında dövlətə məxsus daşınmaz əmlakın təmənnasız mülkiyyətə vermə formasıyla özəlləşdirilməsi haqqında qanun layihəsi də olub, qanun layihəsi əsasında yaşayış mənzilləri daha 123 məcburi köçkün ailəsinin mülkiyyətinə veriləcək. Yaşayış evləri Tbilisi, Zuqdidi, Qori, Kutaisi, Tsğaltubo, Mtsxeta, Batumi, Axaltsixe, Xobi, Martvili, Senaki, Tsalencixa, Poti, Çxorotsğu, Kobuleti, Qurcaani, Tetritsğaro, Qardabani və Xaşuridə yerləşir.

Bununla yanaşı, hökumət üzvləri Gürcüstanın Büdcə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə ediblər, qanun layihəsi əsasında munisipalitetlərin öz ərazilərində qeydiyyatda olan dövlət mülkiyyətindəki torpaqların sərəncamından gəlirləri mərhələli şəkildə artırılacaq. Həmçinin qanun layihəsinə əsasən, munisipalitetlərin büdcələrinə onların ərazisində yerləşən əmlakdan əlavə gəlirlər daxil olması üçün gəlirlərin əmlaka münasibətdə faiz bölgüsünə yenidən baxılacaq.

Həmçinin, iclasda Xaşurinin tam su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə işlərə başlanılmasını nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

Layihənin ümumi dəyəri təqribən 225 milyon lari təşkil edir və layihə çərçivəsində beş il ərzində 160 kilometrə yaxın su kəməri, təxminən 45 kilometrə yaxın kanalizasiya şəbəkəsi, müasir standartlara uyğun kanalizasiya təmizləyici qurğunun tikintisi planlaşdırılır, içməli su baş tikintisi qurulacaq, su anbarları və s. abadlaşdırılacaq və inkişaf etdiriləcək. Layihə başa çatdıqdan sonra 24 min benefisiar müntəzəm su təchizatından faydalanacaq” -deyə Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.