Xüsusi İstintaq Xidməti zorakılıq və təhdid faktı üzrə hüquq-mühafizə orqanının əməkdaşını saxlayıb
Xüsusi İstintaq Xidmətinin əməkdaşları zorakılıq və təhdid faktı üzrə Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşını saxlayıblar. Bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayır.
“Təqsirləndirilən şəxsin həyat yoldaşına sistematik zorakılıq tətbiq etdiyi, ayrıldıqdan sonra isə 2022-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayına qədər olan müddətdə telefon əlaqəsi zamanı, o cümlədən internet tətbiqi vasitəsi ilə səsli mesajlar göndərərkən hüquq-mühafizə orqanının işçisinin zərərçəkmişin və onun ailə üzvlərinin həyatlarına son qoyacağı ilə təhdid etdiyi istintaqla müəyyən edilib. Həmçinin, təqsirləndirilən şəxs 2023-cü ilin avqustun 22-də zərərçəkmişin yaşadığı evin həyətində, darvazaya təhdidkar mətn yazıb və qorxutmaq məqsədilə oraya patron qoyub.
Bundan başqa, 2023-cü ilin oktyabrın 25-də uşağın aparılması ilə əlaqədar təqsirləndirilən şəxs zərərçəkmişlə münaqişə yaşayıb, odlu silah nümayiş etdirməklə onu həyatına son qoyacağı ilə hədələyib və təhdid əlaməti olaraq 3 dəfə atəş açıb, bundan sonra da hadisə yerini tərk edib. Həmçinin, 2024-cü ilin martın 29-da təqsirləndirilən şəxs “Whatsapp” tətbiqi vasitəsilə zərərçəkmişə səsli mesajlar göndərib və onu yenidən öldürməklə təhdid edib.
Xüsusi İstintaq Xidməti zərərçəkmiş qadının müraciətindən sonra təxirəsalınmaz istintaq tədbirləri həyata keçirib. Şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar və elektron məlumatlar götürülüb, bundan sonra da 2024-cü ilin aprelin 10-da hüquq-mühafizə orqanının əməkdaşı məişət zorakılığı və təhdid ittihamı ilə saxlanılıb.
Cinayət 2 ilə qədər müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur. 48 saat ərzində hüquq-mühafizə orqanının əməkdaşı barəsində ittiham təqdim ediləcək.
İş üzrə Xüsusi İstintaq Xidməti tərəfindən istintaq davam etdirilir”- deyə istintaq orqanının məlumatında qeyd olunub.