Xilasetmə tədbirlərinə qoşulmaq məqsədilə xilasedicilər Gürcüstandan Türkiyəyə yola düşüblər

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin qərarına əsasən, Türkiyədə baş vermiş zəlzələ səbəbilə xilasetmə tədbirlərində iştirak etmək məqsədilə xilasedicilər Türkiyəyə yola düşüblər, həmçinin müvafiq texnika da göndərilib. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə qoşulmaq məqsədilə DİN-in Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin Xüsusi Hallara Reaksiya Baş İdarəsinin bazasından 60 yanğınsöndürən-xilasedici, eləcə də müvafiq xilasetmə avadanlığı və texnikası göndərilib.

Türkiyəyə yola düşən gürcü yanğınsöndürən və xilasedicilər qrupunun tərkibinə zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərinin həyata keçirilməsi istiqamətində təlim keçmiş yanğınsöndürənlər və xilasedicilər daxildir.

Gürcü yanğınsöndürən və xilasedicilərinin xilasetmə fəaliyyətinin koordinasiyasına Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teimuraz Mğebrişvili şəxsən rəhbərlik edir.

Bu gün həm də Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soyluya nazirlik adından başsağlığı məktubu göndərib və baş vermiş hadisə ilə əlaqədar məyusluğunu ifadə edib”-deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.