Xərçəng xəstəliyi diaqnozu qoyulmuş pasiyentlər müxtəlif terapiyalar üçün lazım olan dərmanları birbaşa tibb müəssisələrində ala biləcəklər
Milli Onkologiya Şurası nazirliyin dərman təchizatı sxeminin yenilənməsini nəzərdə tutan təşəbbüsünü müzakirə edib və dəstəkləyib.
Dəyişiklik nəticəsində xərçəng xəstəliyi diaqnozu qoyulmuş pasiyentlər üçün dərmanın alınması sadələşdirilir- bunadək onlar dərmanın resepti üçün klinikaya getməli, sonra aptekdən onu almalı və tibbi proseduru həyata keçirmək üçün yenidən klinikaya qayıtmaq məcburiyyətində idilər.
İclas səhiyyə nazirinin rəhbərliyi ilə keçirilib. Mixeil Sarcveladze, sözügedən dəyişikliyin pasiyentlərin maraqları nəzərə alınmaqla qəbul edildiyini bildirib. O, uzun müddət ərzində pasiyentlər üçün bu prosedurlardan keçmə məsələsinin çətin olduğunu və bu istiqamətdə addımların atılmasının lazım olduğunu deyib.
Planlaşdırılan dəyişikliyə əsasən, yaxın gələcəkdə benefisiarlar onlar üçün zəruri olan dərmanları aptek şəbəkəsi yerinə, prosedurdan keçdikləri klinikalarda alacaqlar. Şuranın iclasında nazir sözügedən yeniliyin pasiyentlərin maraq və hüquqlarının müdafiəsi standartının yaxşılaşdırılması istiqamətində atılan növbəti addım olduğunu və bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyini vurğulayıb. Həmçinin, gələcək planlara və xərçəng xəstəliklərinin daha effektiv idarə olunması üçün zəruri tədbirlərə toxunulub. Milli Onkologiya Şurasının məqsədi ölkədə xərçəng xəstəliklərinin profilaktikası və idarə olunmasını təmin etməkdir. Onun tərkibinə daxildir: Səhiyyə Nazirliyinin beynəlxalq və pasiyent təşkilatlarının nümayəndələri, eləcə də onkoloqlar, hematoloqlar və peşəkar birliklərin üzvləri.
Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.