Xarici İşlər Nazirliyi - Rusiyanın Gürcüstana qarşı tammiqyaslı hərbi müdaxiləsindən 15 il ötür, bu müharibə Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhlükə yaradıb
Xarici İşlər Nazirliyi - Rusiyanın Gürcüstana qarşı tammiqyaslı hərbi müdaxiləsindən 15 il ötür, bu müharibə Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhlükə yaradıb

 
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana hərbi təcavüzünün 15 illiyi ilə bağlı bəyanat yayır.

Xarici İşlər Nazirliyindən açıqlandığı üzrə, müharibənin 15-ci ildönümündə Rusiya Federasiyası beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymadan Gürcüstanın ayrılmaz bölgələri olan Abxaziya və Sxinvali regionunu/Cənubi Osetiyanı işğal altında saxlamaqda davam edir.

“Bu gün, 2023-cü ilin avqustun 7-də Rusiya Federasiyasının 2008-ci ildə Gürcüstana qarşı tammiqyaslı hərbi müdaxiləsindən 15 il ötür. 2008-ci ilin avqustunda Rusiya Federasiyası regionun və bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhdid yaradan suveren ölkənin ərazi bütövlüyünün və sərhədlərinin güc yolu ilə pozulması ilə bağlı ilk hadisəni törədib. Bu hadisələrin 15-ci ildönümündə Rusiya Federasiyası beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymadan Gürcüstanın ayrılmaz bölgələri olan Abxaziya və Sxinvali regionunu/Cənubi Osetiyanı işğal altında saxlamaqda davam edir – məlumatda deyilir.

Xarici İşlər Nazirliyindən qeyd edildiyi kimi, Rusiya Federasiyası Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasını yerinə yetirmir, işğal olunmuş bölgələrdə qanunsuz nəzarəti genişləndirir və müxtəlif addımlarla , o cümlədən süni maneələr ucaltmaqla, münaqişə nəticəsində zərər çəkmiş əhalinin sərbəst hərəkətini məhdudlaşıdrmaqla, qanunsuz həbslər və s. ilə bölgədə onsuz da mürəkkəb təhlükəsizlik və humanitar mühitə zərbə vurur.

“Bundan başqa, işğal olunmuş ərazilərlə ümumi sosial-iqtisadi məkanın yaradılması prosesi, müxtəlif növ inteqrativ qondarma sazişlərin və memorandumların imzalanması Rusiya Federasiyasının bölgədə effektiv nəzarətini gücləndirir və işğal olunmuş ərazilərdə yaşayan, müharibə nəticəsində ayrı düşmüş əhalinin həm Gürcüstanın qalan hissəsindən, həm də beynəlxalq ictimaiyyətdən təcrid olunmasını təşviq edir. İşğalçı qüvvə bu günə kimi beynəlxalq insan haqları müdafiə təşkilatlarının bölgəyə məhdudiyyətsiz çıxışına və beynəlxalq təhlükəsizlik mexanizmlərinin yerləşdirilməsinə mane olur. Həmçinin, missiyanın mandatına baxmayaraq, Aİ-nin Monitorinq Missiyasının Abxaziya və Sxinvali regionlarına daxil olmasına icazə verilmir. Gürcüstan Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış 2008-ci ilin 12 avqust tarixli atəşkəs sazişinin həyata keçirilməsi məsələsi üzrə yeganə format olan Cenevrə Beynəlxalq Danışıqlarında konstruktiv iştirakını davam etdirir”- deyə bəyanatda bildirilir.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, Gürcüstan Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini həyata keçirməyə davam edir və diplomatik və hüquqi vasitələrdən istifadə etməklə, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqla ölkənin işğaldan azad edilməsini və sülh yolu ilə inkişafını təmin etməyə hazırdır.

“Gürcüstan hökuməti işğal xətti ilə bölünmüş cəmiyyətlər arasında barışıq və etimadın bərpasını təmin etmək və ümumi Avropa gələcəyini qurmaq üçün addımlar atır. Gürcüstan beynəlxalq ictimaiyyətin ölkənin suverenliyi və ərazi bütövlüyünə qətiyyətli və qeyd-şərtsiz dəstəyinə görə minnətdardır və Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli prosesinə beynəlxalq tərəfdaşların töhfəsini vurğulayır. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti münaqişənin sülh yolu ilə həlli və Gürcüstan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtması, Gürcüstanda və bütövlükdə regionda sülh və təhlükəsizliyə nail olunması üçün birgə səylərini davam etdirməyə çağırır. Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əsasən Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, öz qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırır. Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək 2008-ci il müharibəsində qəhrəmancasına həlak olmuş döyüşçülərin və mülki şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir” -deyə bəyanatda deyilir.