Xarici İşlər Nazirliyi Çinlə vizasız gediş-gəliş rejiminin qüvvəyə minməsi ilə bağlı məlumat yayır
“Gürcüstan hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında siravi/adi pasport sahiblərinin viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında Saziş” 2024-cü ilin mayın 28-dən qüvvəyə minir.
Bunun nəticəsi olaraq, Gürcüstan vətəndaşlarına Çin Xalq Respublikasına vizasız səyahət etmək və ölkəyə daxil olduqdan sonra birdəfəlik 30 gün qalmaq imkanı verilir. Nəzərə alınmalıdır ki, Gürcüstan vətəndaşının Çinə vizasız səyahəti və ölkədə qalma müddəti istənilən 180 günlük müddətdə 90 günü aşmamalıdır. Gürcüstan vətəndaşının Çin Xalq Respublikasında vizasız qalma müddəti humanitar məqsədlər və fors-major hallar istisna olmaqla, uzadılmır.
Saziş Çin Xalq Respublikasının ərazisində 30 gündən artıq qalmağı və ya yaşamağı, işə başlamağı, təhsili, və ya media vasitəsində işləməyi və ya Çin Xalq Respublikasının müvafiq orqanlarından əvvəlcədən icazə tələb edən hər hansı digər fəaliyyət növünə başlamağı planlaşdıran Gürcüstan vətəndaşlarına şamil edilmir. Belə olan hallarda Gürcüstan vətəndaşı yola düşməzdən əvvəl müvafiq kateqoriyalı viza almaq məcburiyyətindədir.
Çinə səyahət etmək istəyənlər aşağıdakıları nəzərə almalıdırlar:
Çin Xalq Respublikasının dövlət sərhədini keçərkən üzərlərində olmalıdır: Çində olma müddətindən sonra ən azı altı ay etibarlılıq müddəti olan pasport, mehmanxana rezervasiyası və səyahət sığortası. Qeyd etmək lazımdır ki, digər ölkələrdə olduğu kimi, sərhəd zabiti şəxsin ölkəyə daxil olması ilə bağlı təkbaşına qərar vermək hüququnu özündə saxlayır.
Çin Xalq Respublikasının ərazisində müxtəlif sosial və mobil platformalardan istifadə məhdudlaşdırılıb.
“Alipay”, “WeChat Pay”- elektron ödəniş sistemləri ölkədə geniş yayılıb. Bununla yanaşı, “WeChat Pay”də elektron pul kisəsini yalnız Çin bank kartı ilə, “Alipay”ı isə istənilən xarici kartla da doldurmaq mümkündür.
Çin Xalq Respublikasında qanun pozuntusu halında Gürcüstan vətəndaşı Çin qanunvericiliyinin normalarına tabe olur. Gürcüstanın Konsulluq Xidməti qanunla verilmiş səlahiyyətlər çərçivəsində vətəndaşa yardım göstərir.
Çin Xalq Respublikasında müvafiq xidmətlərlə əvvəlcədən razılaşdırılmadığı təqdirdə hərbi, dövlət və xüsusi təyinatlı bina-tikililərin şəkil və video çəkilişlərinin aparılması qadağan edilib.
Qeyd etmək lazımdır ki, “Gürcüstan hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında siravi/adi pasport sahiblərinin viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında Saziş” 2024-cü ilin aprelin 10-da imzalanıb.
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili və Çin Xalq Respublikasının Gürcüstandakı səfiri Çou Tsien sənədi imzalayıblar.