Xarici İşlər Nazirliyi Cenevrə danışıqları ilə əlaqədar bəyanat yayır
Gürcüstan Xarici İşlər Nazirliyi Cenevrə Beynəlxalq Danışıqlarının 56-cı raundu ilə əlaqədar bəyanat yayır.
Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumatda bildirilir ki, danışıqlar çərçivəsində əsas diqqət Cenevrə Beynəlxalq Danışıqlarının gündəliyinin əsas məsələlərinə yetirilib, bu Rusiya tərəfindən imzalanmış 2008-ci ilin 12 avqust tarixli atəşkəs sazişinin şərtlərinin tam şəkildə yerinə yetirilməsi zərurəti ilə bağlıdır. Gürcüstan nümayəndə heyəti həmçinin işğal olunmuş ərazilərdən didərgin düşmüş məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına diqqət çəkib.
“2022-ci ilin oktyabrın 5-də Cenevrə Beynəlxalq Danışıqlarının 56-cı raundu keçirildi. Danışıqlarda Gürcüstanın nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Laşa Darsalia rəhbərlik edib. Raundun keçirilməsi Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və ATƏT həmsədrlərinin, eləcə də ABŞ-ın fəal iştirakı və səyləri nəticəsində mümkün olub. Danışıqlar çərçivəsində əsas diqqət Cenevrə Beynəlxalq Danışıqlarının gündəliyinin əsas məsələlərinə yetirilib, bu Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya tərəfindən imzalanmış 2008-ci ilin 12 avqust tarixli atəşkəs sazişinin şərtlərinin tam şəkildə yerinə yetirilməsi zərurəti ilə bağlıdır. Gürcüstan nümayəndə heyəti həmçinin danışıqların gündəliyində duran ən vacib məsələlərdən birinə – işğal olunmuş ərazilərdən didərgin düşmüş məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına diqqət çəkib. Cenevrə Beynəlxalq Danışıqları 2008-ci ilin avqustun 12-də imzalanmış atəşkəs razılaşması əsasında yaradılıb. Müzakirələr danışıqların iştirakçılarının fərdi statusda təmsil olunduğu iki işçi qrupu çərçivəsində aparılır.
Birinci işçi qrupu çərçivəsində Gürcüstanın işğal olunmuş ərazilərində təhlükəsizlik və sabitlik məsələləri, ikinci işçi qrupda isə Abxaziya və Sxinvali bölgələrində insan haqları və humanitar vəziyyət, həmçinin, məcburi köçkünlərin və qaçqınların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması ilə əlaqədar məsələlər müzakirə olunur. Danışıqlar Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in həmsədrliyi, Gürcüstan, Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə keçirilir. İşçi qrupun görüşlərində keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin müvəqqəti administrasiyasının rəhbəri və Abxaziya Muxtar Respublikası hökumətinin sədri, eləcə də Sxinvali və Suxumi işğalçı rejimlərinin nümayəndələri iştirak edirlər”-deyə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.