Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia ABŞ Dövlət Departamentində Qafqaz danışıqları üzrə baş müşavir və ABŞ-ın Cenevrə Beynəlxalq Danışıqlarında nümayəndə heyətinin rəhbəri, səfir Filip Rikerlə görüş keçirib.
Xarici İşlər Nazirliyinin məlumatına əsasən, nazirin birinci müavini Filip Rikeri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və qeyd edib ki, belə bir təcrübəli diplomatın bu vəzifəyə təyin olunması ABŞ-ın Gürcüstan və regiona, o cümlədən Cenevrə Beynəlxalq Danışıqlarına yüksək marağının ifadəsidir.
Filip Riker öz növbəsində ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyib.
“Görüşdə tərəflər Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər. Bu prosesdə Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış 12 avqust 2008-ci il tarixli atəşkəs haqqında sazişin Rusiya tərəfindən həyata keçirilməsinin zəruriliyi və Cenevrə Beynəlxalq Danışıqlarından effektiv istifadənin vacibliyi qeyd edilib. Söhbət zamanı Laşa Darsalia və Filip Riker Gürcüstanın işğal olunmuş ərazilərində təhlükəsizlik, humanitar və insan hüquqları baxımından mövcud mürəkkəb vəziyyətə diqqət çəkiblər. Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Cenevrə Beynəlxalq Danışıqları və Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli prosesində ABŞ-ın fəal iştirakının vacibliyi vurğulanıb.
Görüşdə ABŞ və Gürcüstan arasında güclü strateji tərəfdaşlıq bir daha vurğulanıb. Tərəflər münaqişələrin həlli və regionda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər” – deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.