Xalq müdafiəçisi 2008-ci ilin avqust müharibəsinin 15-ci ildönümü ilə bağlı bəyanat yayır
Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani 2008-ci ilin avqust müharibəsinin 15-ci ildönümü ilə bağlı bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, işğalçı rejim tərəfindən şəxslərin qanunsuz saxlanılması praktikası, habelə qanunsuz sərhədləşmə davam edir.
Xalq müdafiəçisi Gürcüstan hakimiyyətini bütün beynəlxalq mexanizmlərdən istifadə edərək və beynəlxalq ictimaiyyətin iştirakı ilə işğal olunmuş bölgələrdə yaşayan insanların hüquqlarını qorumaq üçün işğalçı rejimə təzyiqləri gücləndirməyə çağırır.
“Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqustunda baş vermiş müharibədən 15 il keçir. Silahlı münaqişənin nəticələrini hələ də işğal olunmuş ərazilərdə qalan və ayırıcı xəttin yaxınlığında yaşayan əhali kəskin şəkildə hiss edir. 2008-ci ilin hərbi əməliyyatları nəticəsində 27 582 məcburi köçkün qeydiyyatdadır. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan hərbi əməliyyatları nəticəsində Gürcüstan tərəfində Müdafiə Nazirliyinin 170 əməkdaşı, 14 polis, 224 mülki şəxs həlak olub. Yaralanan mülki şəxslərin və hərbçilərin ümumi sayı 2232 nəfərdir.
İşğalçı rejim dörd Gürcüstan vətəndaşının – Davit Başaruli, Qiqa Oxtozoria, Arçil Tatunaşvili və İrakli Kvaratsxelianın qətlinə görə məsuliyyət daşıyan şəxsləri hələ də cəzasız qoyur. İşğalçı rejim tərəfindən qondarma sərhədin qanunsuz keçildiyinə görə şəxslərin qanunsuz saxlanılması praktikası davam edir. Rəsmi məlumatlara görə, 2008-ci ildən bu günə qədər işğalçı rejim tərəfindən qondarma sərhədi qanunsuz keçdiyi üçün 3439 nəfər, onlardan 1935 nəfəri işğal olunmuş Abxaziya istiqamətində, 1504 nəfər isə işğal altında olan Sxinvali istiqamətində qanunsuz olaraq saxlanılıb. Qondarma sərhədin keçilməsinə görə son illər ərzində qanunsuz həbslərin artması xüsusilə diqqətəlayiqdir. Bu günə olan məlumata görə, Gürcüstanın işğal olunmuş ərazilərində 9 vətəndaş qanunsuz həbsdə saxlanılır.
Qanunsuz dırnaq arası sərhədləşmənin səbəb olduğu mülkiyyət hüquqlarının pozulması işğal xəttinə yaxın yaşayan əhali üçün gündəlik problem olaraq qalır. İşğalçı rejim bu qanunsuz prosesi qondarma dövlət sərhədi və işğal olunmuş əraziləri müstəqil subyektlər kimi müəyyən etmək kimi göstərir. 2008-ci ildən bəri Rusiya işğalçı qüvvələri tərəfindən işğal olunmuş Sxinvali bölgəsi istiqamətində uzunluğu 56 km-dən artıq tikanlı məftillər, hasarlar və müxtəlif süni maneələr çəkilib, işğal olunmuş Abxaziya istiqamətində isə süni maneələrin uzunluğu 49 km-i aşır. İşğal olunmuş ərazilərdə etnik gürcü əhaliyə qarşı məqsədyönlü ayrı-seçkilik və müxtəlif hüquqların pozulması hələ də müşahidə olunur. Bunlara sərbəst hərəkətin məhdudlaşdırılması, ana dilində təhsilin çatımlılığının qadağan edilməsi, de-fakto sənədlərin verilməsinin məhdudlaşdırılması, yaşamaq hüququnun , səhiyyə xidmətlərinə çıxış və digər dolanışıq mənbələrinin pozulması daxildir.
Gürcüstanın xalq müdafiəçisi Gürcüstan hakimiyyətini bütün beynəlxalq mexanizmlərdən istifadə edərək və beynəlxalq ictimaiyyətin iştirakı ilə işğal olunmuş bölgələrdə yaşayan insanların hüquqlarını qorumaq üçün işğalçı rejimə təzyiqləri gücləndirməyə, eyni zamanda, süni şəkildə parçalanmış cəmiyyət arasında dialoqun genişləndirilməsi və möhkəmlənməsi üçün səyləri əsirgəməməyə çağırır.
İşğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasına görə məsuliyyət effektiv nəzarəti həyata keçirən dövlət kimi Rusiya Federasiyasının üzərinə düşür. Bununla əlaqədar, Avropa İnsan Hüquqları Məhkəməsinin – Gürcüstan Rusiyaya qarşı II işi üzrə 21 yanvar 2021-ci il tarixli qərarını qeyd etmək yerinə düşərdi , bu qərarla məhkəmə Rusiyanın işğal olunmuş Sxinvalidə və işğal olunmuş Abxaziya ərazilərində effektiv nəzarəti davam etdirməsi faktını müəyyən etmişdir”-deyə bəyanatda deyilir.