"Wizz Air" Kutaisi Beynəlxalq Hava Limanından Brüssel, Madrid, Frankfurt, Hamburq və Poznan istiqamətində müntəzəm reyslərə başlayacaq
"Wizz Air" Kutaisi Beynəlxalq Hava Limanından Brüssel, Madrid, Frankfurt, Hamburq və Poznan istiqamətində müntəzəm reyslərə başlayacaq

 

“Wizz Air” aviaşirkəti 2023-cü ilin iyun ayından Kutaisi Beynəlxalq Hava Limanına bazalaşdırılan üçüncü təyyarəni geri qaytaracaq və Avropanın beş şəhəri istiqamətində birbaşa müntəzəm reyslərə başlayacaq. Bunlara: Brüssel, Madrid, Frankfurt, Hamburq və Poznan daxildir.

Gürcüstan Hava Limanları Assosiasiyası strateji tərəfdaşla danışıqları uğurla yekunlaşdırıb. “Wizz Air”in bazalaşdırılan üçüncü təyyarəsi yeni istiqamətlərdən başqa, artıq mövcud istiqamətlər üzrə uçuş tezliklərini artırmağa, həmçinin əlavə iş yerləri yaratmağa imkan verir.

Gürcüstan Hava Limanları Assosiasiyasının direktoru Tamar Arçuadze bildirib ki, Kutaisi Beynəlxalq Hava Limanından beş istiqamətin hamısı üzrə birbaşa müntəzəm reyslər həftədə iki dəfə yerinə yetiriləcək. Paris, Milan, Praqa və Memminqen istiqamətindəki tezliklərə isə bir tezlik əlavə olunacaq.

“Strateji tərəfdaşımız “Wizz Air”in Gürcüstan bazarına sadiq qalmasından şadıq, Gürcüstanın Kutaisi Beynəlxalq Hava Limanı genişlənir və 2023-cü ilin iyun ayından etibarən üçüncü baza əlavə edilir. Bu, bizə Avropanın əlavə beş şəhərinə uçuşlar başlatmağa və mövcud istiqamətlərə tezliklər əlavə etməyə imkan verəcək. Gürcü səyahətçilərin dörd Avropa ölkəsinin beş şəhərinə səyahət etmək , eləcə də Gürcüstana əlavə turist axını cəlb etmək imkanı olacaq”- deyə Tamar Arçuadze açıqlayıb.

“Wizz Air” artıq bir neçə ildir ki, Gürcüstanın hava bazarının lideridir. 2022-ci ilin 11-ci ayının göstəricilərinə əsasən aviaşirkət 550 min sərnişinə xidmət göstərib. 2023-cü ilin iyun ayı üçün ümumilikdə “Wizz Air” Kutaisidən Avropa və Yaxın Şərqin 27 istiqamətinə uçacaq.