"WikiLeaks"in qurucusu Culian Assanj həbsdən azad edilib
"WikiLeaks"in qurucusu Culian Assanj həbsdən azad edilib

 
“WikiLeaks”in qurucusu Culian Assanj Böyük Britaniya həbsxanasını tərk edib. Bu haqda məlumatı “BBC” yayır.

Assanj irəli sürülmüş ittihamı etiraf etdikdən sonra ABŞ hakimiyyəti ilə razılaşma əsasında həbsdən azad edilib. İttihamı etiraf etməsi müqabilində o, artıq Amerika həbsxanasında cəza çəkməli olmayacaq.

Assanj artıq Böyük Britaniyanı tərk edib, məlum olduğu üzrə, doğma ölkəsi Avstraliyaya yollanıb.

“WikiLeaks”in qurucusu milli müdafiə məlumatlarını əldə etmək və açıqlamaq məqsədilə sui-qəsddə iştirakda ittiham olunurdu.

ABŞ illər ərzində İraq və Əfqanıstandakı müharibələr haqqında məlumat yayan “WikiLeaks”in veb saytının insanların həyatını təhlükəyə atdığını iddia edirdir. “WikiLeaks”in qurucusu isə ona qarşı qaldırılan işin siyasi motivli olduğunu deyirdi.

Hüquqi mübarizə 2010-cu ildə “WikiLeaks”in Əfqanıstan və İraqdakı müharibələrlə bağlı çoxlu sayda məxfi hərbi sənədləri dərc etməsi ilə başladı. Onların arasında Amerika helikopterindən Bağdadda dinc əhaliyə atəş açıldığını əks etdirən video da var idi. Assanj 2019-cu ildə polis tərəfindən həbs olunmazdan əvvəl Ekvadorun Londondakı səfirliyinə yeddi il boyunca sığınmışdı. Elə həmin il ABŞ Culian Assanjın ekstradisiyasını tələb etdi. Assanj son beş ilini Britaniya həbsxanasında keçirib.