Volodimir Zelenskinin sərəncamıyla dörd Gürcüstan vətəndaşına sanksiya tətbiq edilib
Volodimir Zelenskinin sərəncamıyla dörd Gürcüstan vətəndaşına sanksiya tətbiq edilib

 

Ukrayna dörd Gürcüstan vətəndaşı, Aleksandre İvanişvili, Uça və Tate Mamatsaşvililər, həmçinin Ketevan Xaraidzeyə qarşı sanksiya tətbiq edib. Müvafiq sərəncamı Ukrayna prezidenti Volodimir Zelenski imzalayıb.

Sərəncam Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

Sərəncama əsasən, sanksiyalar aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının, Ukrayna ərazisində resursların , uçuşların və daşınmanın məhdudlaşdırılmasını, kapitalın Ukraynadan kənara çıxarılmasının qarşısının alınmasını, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılmasını, lisenziyaların və digər icazələrin ləğvi və ya dayandırılmasını, Ukrayna Milli Bankının icazə və lisenziyalarının verilməsinin qadağan edilməsini, Ukrayna dövlət mükafatlarının müsadirə edilməsini, torpaq sahələrinə mülkiyyət hüququnun əldə edilməsinin qadağan edilməsini nəzərdə tutur.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 19 oktyabr 2022-ci il tarixli “Xüsusi şəxsi, iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi və daxil edilməsi haqqında” qərarı icra edilsin. Bu fərmana əsasən, qüvvəyə minmiş qərarın icrasına nəzarət Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edilsin” – deyə sərəncamda qeyd olunub.

Öz növbəsində, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarında bildirilir ki, Ukrayna Xarici İşlər Nazirliyi sanksiyaların tətbiqi barədə Aİ, ABŞ və digər ölkələrin səlahiyyətli orqanlarına məlumat verməli və onlarla oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırmalıdır.

Ümumilikdə, Zelenskinin sərəncamıyla əksəriyyəti Rusiya vətəndaşı olan 3600-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edilib. Sanksiyaya məruz qalanlar arasında Rusiya prezidenti Vladimir Putinin övladı və iş adamı Roman Abramoviç də var.